Stokholm, 31 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Son bir ayda baş verən 30-dan çox partlayış və bir neçə ölüm hallarından sonra İsveç hökuməti polis tərəfindən yetkinlik yaşına çatmayanların dinlənilməsi haqqında qanunun tətbiq edilməsini sürətləndirməyə qərar verib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 2026-cı ilin yayına planlaşdırılan qanun, hazırda 2024-cü ilin oktyabrından qüvvəyə minib.
Baş nazir Ulf Kristersson baş verənləri zorakılıq hallarının yeni dalğası kimi xarakterizə edərək, bildirib ki, ölkədə cinayətkarlıq halları uzun illər ərzində artıb və hazırda vəziyyət hökumətin nəzarətindən çıxıb.
Bu ilin əvvəlindən İsveçdə 32 partlayış baş verib, əksəriyyəti Stokholm ərazisində qeydə alınıb. Təkcə ötən çərşənbə axşamı ölkədə yaşayış binalarında beş partlayış baş verib. Bu hadisələrin fonunda hökumət xaricdən fəaliyyət göstərən cinayətkar qruplaşmalarla mübarizəyə də diqqət ayırıb.
Ədliyyə naziri Qunnar Strömmer bildirib ki, İsveçin cinayət şəbəkələri ilə əlaqəli 600 kriminal lider 57 ölkədə gizlənərək, buradakı qətlləri və zorakılıq hallarını idarə edir.
İsveç hökuməti kriminal qruplaşmalara 62 mindən çox insanın cəlb edildiyini bəyan edib. Cinayətkarlığın artmasına cavab olaraq, hökumət hüquq-mühafizə orqanlarına əsas zorakılıq hallarından biri olan partlayışlarla mübarizədə təcili tədbirlər görməyi tapşırıb.
Baş polis rəisi Petra Lund qeyd edib ki, ötən il silahlı atışmaların sayı azalsa da, zorakılıq yenidən çoxalıb. O bildirib ki, 12-14 yaşlı gənclər artıq ağır cinayətlər törədirlər və buna əlavə gəlir mənbəyi kimi baxırlar.
Görülən tədbirlərdən biri Stokholmda 100-ə yaxın polis əməkdaşının cəlb edilməsi ilə patrul xidmətinin gücləndirilməsidir. Hökumət beynəlxalq səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə üçün xarici ölkələrlə diplomatik danışıqları davam etdirir.