EN

Turanın 3 övladı bir arada

Özbəkistan-Türkiyə-Azərbaycan müttəfiqliyi həm də Xəzər, Qara və Aralıq dənizləri regionlarının birləşməsi deməkdir

Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat-ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. Məlumata görə, bəyannamədə nəqliyyat və regional kommunikasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planı öz əksini tapıb.

Bəyannamə bir sıra mühüm məqamları nəzərdə tutur. Tərəflər üzərinə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə sadiq qalmaq, suverenliyə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə qarşı birgə hərəkətləri dəstəkləmək öhdəliyi götürüblər. Həmçinin, Orta dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış edilib. Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, ticarət, nəqliyyat əməkdaşlığı və iqlim fəaliyyətində müsbət dəyişiklikləri dəstəkləməyin zərurəti vurğulanıb. Eyni zamanda iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması tövsiyə olunub. Paralel olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistan XİN başçıları - Ceyhun Bayramov və Baxtiyor Saidovu qəbul edib. 

Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, həm Özbəkistan, həm də Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan müttəfiqləridir. İki ölkə ilə bir çox sahədə yüksək səviyyədə münasibətlər var. Ekspertin sözlərinə görə, münasibətlər inkişaf etsə də, mövcud geosiyasi vəziyyətdə sınaqdan keçə, pozulma cəhdlərinə məruz qala bilər: 

"Məsələn, Türkiyə-Azərbaycan münasibətlərinin pozulması üçün yaxın zamanlarda kənar qüvvələrin cəhdləri oldu, lakin baş tutmadı. Özbəkistanla bənzər hal yaşanmasa da, Rusiya faktoru gələcəkdə bunun olma ehtimalını gücləndirir. Neqativ halların olmaması üçün üç ölkənin birlikdə hərəkət etməsi vacibdir. Özbəkistan-Türkiyə-Azərbaycan müttəfiqliyi həm də Xəzər, Qara və Aralıq dənizləri regionlarının birləşməsi deməkdir. Bundan başqa, bu üçlüyün ortaq hərəkəti “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin reallaşması anlamına gəlir. C.Bayramov çıxışında Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsinin perspektivindən danışıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın dəstəyini təqdir edib. Bu həm də onu deməyə əsas verir ki, Bakı Orta Dəhlizin imkanlarını Özbəkistan və Türkiyə ilə bölüşmək, buranı tarixi türk qovşağına çevirmək istəyir. Nəticə etibarilə Özbəkistan-Azərbaycan-Türkiyə əməkdaşlığı regionda formalaşan üçtərəfli ittifaqa çevrilir. Ankara Bəyannaməsi ittifaq öncəsi hazırlıq kimi xarakterizə edilə bilər. Bu baş tutarsa, gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq xartiya da qəbul edilə bilər".

Chosen
8
5
sherg.az

6Sources