RU

Bəşər Əsədin devrilməsi Rusiyanın nüfuzuna zərbədir

Məqalə barədə məlumatMüəllif, Steve RosenbergVəzifə, BBC

Məhz Rusiyanın hərbi gücü Bəşər Əsədə son doqquz ildə hakimiyyəti saxlamağa imkan verirdi. Lakin Kremlin Suriyadakı layihəsi bir neçə gün ərzində iflasa uğradı və görünür, Moskva bununla bağlı heç nə edə bilmir.

Rusiya Xarici İşlər Nazirliyi öz açıqlamasında Əsədin prezident postunu və ölkəni tərk etdiyini (hara getdiyi barədə heç bir təfərrüat təqdim etmədən) bildirib və əlavə edib ki, Moskva "son dərəcə narahatlıqla Suriyadakı dramatik hadisələri izləyir".

Əsəd rejiminin süqutu Rusiyanın nüfuzuna zərbədir.

2015-ci ildə Əsədə kömək üçün minlərlə hərbçinin göndərilməsi Rusiyanın qarşısında duran əsas vəzifələrdən birini həll etmək – özü barədə dünya dövləti kimi bəyan etmək məqsədi daşıyırdı. Bu, Vladimir Putinin Qərbin keçmiş Sovet məkanından kənarda gücünə və hökmranlığına qarşı ilk ciddi çağırışı idi.

Xalqına güc tətbiq etmiş Bəşər əl-Əsəd kimdir?Bəşər Əsəd Moskvadadır, Rusiya dövlət mediası yazıb. Suriyada nə baş verdi? 7 suala cavabdaKimdir? Nədir? Suriya

Əvvəlcə elə görünürdü ki, bu məsələ həll olunub. 2017-ci ildə prezident Putin Rusiyanın Suriyadakı Hmeimim aviabazasına baş çəkib bütün məqsədlərə nail olunduğunu bəyan etdi. Rusiya hava hücumlarının mülki əhali arasında itkilərə səbəb olması ilə bağlı yayılan xəbərlərə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Rusiya hərbi əməliyyatının uğurlarını təsdiqləmək üçün Suriyaya beynəlxalq media nümayəndələrini göndərmək üçün özünü kifayət qədər arxayın hiss edirdi.

Bu səfərlərdən birində zabitlərdən biri mənə dedi ki, Rusiya Suriyaya "uzun müddətə" gəlib.

Lakin məsələ, tək prestijlə bağlı deyildi.

Hərbi yardım müqabilində Suriya hakimiyyəti Hmeimimdəki hava bazasını və Tartusdakı dəniz bazasını 49 il müddətinə Rusiyaya icarəyə vermişdı. Rusiya Şərqi Aralıq dənizində mühüm əməliyyat meydanı əldə edib. Bazalar hərbi podratçılar üçün hərbçiləri Afrikaya və əks istiqamətdə daşımaq üçün qovşaq məntəqəsinə çevrilmişdi.

İndi Moskva bu rus bazalarının aqibəti necə olacaq sualına cavab verməlidir.

Öz bəyanatında Rusiya Xarici İşlər Nazirliyi Suriyadakı bazaların "yüksək döyüş hazırlığı vəziyyətinə" gətirildiyini bildirsə də, eyni zamanda qeyd edir ki, "hazırda onlar üçün ciddi təhlükə yoxdur".

Əsəd Yaxın Şərqdə Rusiyanın ən sadiq müttəfiqi idi. Kreml buna külli miqdarda vəsait yatırıb. Kreml onun hakimiyyətdə saxlanmasına maliyyə, hərbi, siyasi resurslarla dəstək verib. Rusiya hakimiyyətinə onun devrilməsini Moskva üçün böyük itki olduğundan başqa bir şey kimi təsvir etmək asan olmayacaq.

Lakin Rusiya parlamenti yuxarı palatasının vitse-spikeri Konstantin Kosaçyov sosial şəbəkələrdəki paylaşımında yazıb: "Suriyada baş verənlər istisnasız olaraq hamı üçün çox ağırdır... hamı üçün faciədir. Rusiyalılar üçün prioritet vətəndaşlarımızın - həm mülki şəxslər, həm diplomatlar və onların ailələrinin və, təbii ki, hərbçilərin təhlükəsizliyini təmin etməkdir".

Избранный
112
50
bbc.com

10Источники