Yeni il bayramına sayılı günlər qalmış paytaxtda müxtəlif yarmarkalar, əyləncələr təşkil olunur.
Sfera.az bildirir ki, bunlardan biri, məşhur “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasıdır. Ötən günlərdə açılışını edən yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir. Sözügedən yarmarka yeni qurulmuş və istifadəyə veriləcək 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir.
Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.
Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər.
Qeyd edək ki, 2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir.
Hər il olduğu kimi, builki yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar.
Bakı sakinlərinin diqqətini çəkən digər tədbirlərdən biri də Port Baku ərazisində “New Year Village” layihəsidir. Əsl yeni il ab-havalı “New Year Village” də 15 yanvara kimi davam edəcək.
Buraya bol əyləncə, ləzzətli təamlar, endirimlər, sevilən brendlər və.s daxildir. PAŞA Malls tərəfindən həyata keçirilən bu layihənin əsas konsepti xarici ölkələrdəki kimi, Yeni il ab-havasını qonaqlara hiss etdirmək, eyni məkanda həm bu ab-havanı yaratmaq, həmçinin Yeni il əyləncə və musiqisini, alış-veriş təcrübəsini qonaqlara təqdim etməkdən ibarətdir.
Qonaqlar üçün burada qida və içki, həmçinin hədiyyə köşkləri, endirimlər, Yeni il ab-havalı fotozona və şam ağacı, ən əsası isə günün müxtəlif saatlarında həyata keçirilən müxtəlif musiqili və əyləncəli tədbirlər təqdim olunur.
Sfera.az-ın əməkdaşı isə qeyd etdiyimiz yarmarkalardan maraqlı fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:
Fotolar: Anar Bayramlı