RU

Deputat: İqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə ölkəmizə böyük imkanlar qazandırıb

Bakı, 6 yanvar, AZƏRTAC

2024-cü il Azərbaycan üçün qlobal proseslərin cərəyan etdiyi bir mühitdə, siyasi balansını qoruyub saxladığı, müstəqil siyasətini uğurla həyata keçirdiyi bir il kimi tarixə düşdü. Yaxın Şərqdə, Şimalda baş verən münaqişələr və müharibələr, Qərbin həyata keçirdiyi siyasi oyunlar zamanı belə Azərbaycanın balanslı siyasəti inkişaf tempini saxladı, yeni perspektivlər, münasibətlər və reinteqrasiya imkanları qazandı. Azərbaycana edilən hibrid təhdidlər və milli maraqlara qarşı təzyiqlər Prezidentin qətiyyətli siyasəti ilə iflasa uğradı. Bu il neokolonizmə etiraz, Qərbin demokratiya və insan haqları iddialarını ifşa etməsi, az inkişaf etmiş ölkələrə dəstəyi dövlətimizin siyasi qələbələrindən biri kimi də qiymətləndirilə bilər. Bu ilin yaddaqalan hadisələrindən biri “Zəfər seçkiləri” adı ilə tarixə düşən prezident və parlament seçkiləri oldu. Ərazi bütövlüyü və suverenliyin bərpasından sonra keçirilən bu seçkilər Konstitusiya quruluşunun təminatı kimi qiymətləndirildi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat Azərbaycanın il ərzində 130 beynəlxalq tədbirə ev sahibliyi etdiyini vurğulayıb: “Bunlardan 27-si siyasi, 24-ü iqtisadiyyat, 41-i elm-təhsil və mədəniyyət, 19-u ekologiya, 12-si idman, 7-si səhiyyə sahələrini özündə ehtiva edir. Bu tədbirlərin çoxunda Prezident şəxsən iştirak etdi. Ən vacibi isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) oldu. COP29 Azərbaycanın beynəlxalq arenada yeni bir qələbəsi kimi yadda qaldı.

COP29-da iqlim maliyyələşdirilməsi ilə bağlı tarixi razılıqlar əldə edildi. İnkişaf etmiş ölkələrə illik 1,3 trilyon dollar maliyyələşdirilmə öhdəliyini nəzərdə tutan Bakı Maliyyə Məqsədi qəbul edildi. Bu razılıq 2035-ci ilə qədər 300 milyard dolları hər il inkişafda olan ölkələrə ayırmağı öhdəlik kimi ortaya qoydu. COP29-da uğurlardan biri Paris Sazişinin 6-cı maddəsinin həyata keçməsi oldu. Eyni zamanda, İtki və Zərər Fondu tam şəkildə işlək hala gətirildi. Azərbaycan İslam dövlətlərinə və kiçik ada ölkələrinə olan iqlim yardımlarında prioritet vəziyyətini qorudu. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin çox böyük nailiyyətlərindən biridir.

Şuşada keçirilən 2-ci Qlobal Media Forumu dezinformasiya ilə mübarizəni çıxışların mərkəzinə qoydu. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında “Qarabağ Bəyannaməsi” imzalandı.

Azərbaycan Prezidenti İlham Əliyevin il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərlərdə olması çoxtərəfli xarici siyasəti reallaşdırdı. Bu səfərlər zamanı Azərbaycan ilə müvafiq dövlətlər arasında siyasi, iqtisadi-ticari, kommunikasiyalar, mədəniyyət, elm-təhsil və digər sahələrə aid mühüm sənədlər imzalanıb, Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar və ölkəmizin geosiyasi rolu məsələləri müzakirə olunub. Azərbaycan Prezidentinə Kazan şəhərində Tatarıstanın ali dövlət mükafatı olan “Dostluq” ordeni, Bişkekdə isə “Çingiz Aytmatov” ordeni təqdim olunub. Bu mükafatlar dövlətimizin başçısının beynəlxalq əlaqələrdəki uğurlarının və regionlararası əməkdaşlığa, mədəniyyətlərarası dialoqun inkişafına, humanist dəyərlərin təbliğinə verdiyi töhfələrin əyani təsdiqi, beynəlxalq səviyyədə böyük hörmətin və ehtiramın ifadəsidir”.

Mehriban Vəliyeva 2024-cü ildə Azərbaycanın iqtisadi artım templərinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini deyib: “2024-cü ilin 11 ayında iqtisadi artım 4,1 faiz təşkil edib, o cümlədən qeyri-neft sektoru 6,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb. Azərbaycanın birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) cəmi 7,3 faizini təşkil edir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. Büdcənin böyük bir hissəsi sosial rifaha yönəlib. 2019-cu ildən bu yana dörd sosial paket layihəsi və proqramı icra edilib. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni nöbbəti dəfə də sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır. Hərbi sahəyə ayrılan 8,4 milyard manat büdcə həmin sahənin, təhlükəsizliyin və sabitliyin təmin olunması deməkdir. Təbii ki, Ermənistanın silahlandırılması dayandırılsa idi, daha çox büdcə sosial rifaha və quruculuq işlərinə sərf olunardı. İqtisadi müstəqilliyimiz təbii olaraq ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırıb və bundan sonra da qazandıracaq.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.

Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Həmçinin prezidentlərə Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın “BI Group” şirkəti də iştirak edəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər Qırğızıstan da fəal şəkildə qoşulub. Belə ki, aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur. Türk dövlətləri tərəfindən Qarabağa investisiya qoyuluşu sevindirici haldır. Qarabağ rəmzi məna daşımağa başlayıb - bütün Türk dünyası üçün ortaq dəyər anlayışını kəsb edir. Xankəndidə Qarabağ Universitetinin açılışı ən böyük uğurlarımızdandır. İndiyə qədər Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsinə 19 milyard manat vəsait ayrılıb, növbəti il bu büdcə 4 milyard manat olacaq. Ötən il 10 min əhali yeni yaşayış yerlərinə- öz ata-baba yurdlarına köçürülüb. Hazırda orada 30 min əhali yaşayır.

Xarici sərmayələrin ölkəmizə, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Ənənəvi sənaye mərkəzlərimizdə, sənaye parklarımızda yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parkları yaradılıb. Yeni müəssisələrin açılışı isə yeni iş yerləri deməkdir”.

“Azərbaycanın milli qanunvericilik sistemi təkmilləşdirilir. Yeni qanunların qəbul edilməsi və mövcud qanunların təkmilləşdirilməsi nəticəsində ölkənin qanunvericilik sistemi beynəlxalq standartlara daha da uyğunlaşdırılıb. Bu, hüquqi və sosial sahələrdə islahatların tərkib hissəsi kimi həyata keçirilib.

2024-cü ildə Milli Məclisdə də çoxsaylı qanunlar qəbul olunub, bəzi qanunlara dəyişiklik edilib. İl ərzində 175 qanun, 54 qərar qəbul olunub. Həm Milli Məclisin rəhbərliyinin, həm də deputatların xarici ölkələrə rəsmi və işçi səfərləri, çoxsaylı görüşləri ölkələrarası diplomatiyanın güclənməsinə xidmət edir. 2024-cü ildə Parlamentlərarası İttifaq və Milli Məclisin Bakıda parlament görüşü baş tutub. “Parlamentarizm: ənənələr və perspektivlər” beynəlxalq konfransı keçirilib. Bütün bunlar Azərbaycanın inkişafına xidmət edir.

Azərbaycan güclü siyasi lideri ilə müstəqil dövlətçilik ənənələrini milli maraqlardan çıxış edərək ən yüksək səviyyəyə qaldırmış, regionda söz sahibi olmuşdur. Artıq 2025-ci ilin ilk günlərini yaşayırıq. Qarşıda ciddi hədəflər ölkəmizin müstəqil, suveren ölkə kimi inkişafına hesablanıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qəbul olunması da bunu təsdiq edir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyirik. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü ləyaqətlə qeyd edəcək, uğurlara yeni uğurlar qatacağıq”, - deyə deputat əlavə edib.

 

Избранный
64
azertag.az

1Источники