RU

"Bu il əsas hədəfimiz bölgələrdəki istedadlı fiziki məhdudiyyətli şəxslərin sosial aktivliyini təmin etməkdir" - Qubad Qasımov

İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov QHT.az-a açıqlamasında birliyin 12 illik fəaliyyəti və 2025-ci il üçün yeni hədəflərindən bəhs edib. O bildirib ki, birlik indiyə qədər fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası, yaradıcılıq potensiallarının üzə çıxarılması və məşğulluqlarının təmin edilməsi məqsədilə bir çox uğurlu sosial layihələr həyata keçirib:

"Hədəfimiz fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq məhsullarını ictimaiyyətə tanıtmaq, onların vasitəsilə maddi tələbatlarını ödəmə imkanlarını yaratmaq, Paralimpiya idman növlərinə cəlb edərək sosial aktivliyini təmin etməkdir. 2025-ci ildə isə əsas diqqətimizi paytaxtdan kənarda yaşayan fiziki məhdudiyyətli şəxslərə yönəltmişik."

Qubad Qasımov qeyd edib ki, 2025-ci ildə birliyin əsas prioritetlərindən biri əl işlərinin öyrədilməsi, istedadlı şəxslərin Azərbaycan Ablimpiya Federasiyasına cəlb edilməsi və onların beynəlxalq peşə yarışlarında ölkəmizi təmsil etməsi üçün şəraitin yaradılmasıdır. O vurğulayıb ki, birliyin həyata keçirdiyi müsabiqələr, konsertlər, sərgilər və digər yaradıcılıq tədbirləri fiziki məhdudiyyətli şəxslərin həm istedadlarının üzə çıxarılmasına, həm də cəmiyyətin diqqətini bu sahəyə yönəltməyə xidmət edir.

Qeyd edək ki, İstedadlı Əlillər İctimai Birliyi 2025-ci ildə bölgələrdə fəaliyyətini daha da genişləndirərək yeni layihələrlə fiziki məhdudiyyətli şəxslərin həyatında mühüm dəyişikliklər etməyi qarşısına məqsəd qoyub.

 

Pərvanə Fərhadqızı

Избранный
27
qht.az

1Источники