RU

Emil Mustafayev Azərbaycan klublarından təklif alıb

Futbol üzrə Azərbaycan milli komandasının “Polesye”də (Ukrayna) forma geyinən yarımmüdafiəçisi Emil Mustafayev klubunu dəyişə bilər.

Arena.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

İddiaya görə, Odessanın “Çernomorets” klubu 22 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi nəzərdən keçirir. Lakin bu, sözügedən kluba tətbiq edilmiş transfer qadağası aradan qaldırıldıqdan sonra mümkün ola bilər.

Həmçinin xəbərdə qeyd olunur ki, Emilə Azərbaycan klublarından da təklif gəlib. Mustafayevin artıq həm Azərbaycan millisində, həm də Ukrayna klublarında təcrübəsi var ki, bu da onu bir neçə komanda üçün cəlbedici namizədə çevirir.

Emilin xidmətində maraqlı olan klubların adları açıqlanmasa da, bizim təxminlərimizə görə bunlardan biri “Şamaxı”dır. Məsələ burasındadır ki, əyalət klubu hazırda ölkə xaricində çıxış edən oyunçularla ciddi maraqlanır. Belə ki, “Şamaxı” artıq bu qış fasiləsində Bolqarıstanın “Arda” klubundan müdafiəçi Cəlal Hüseynovu icarəyə götürüb. Həmçinin Estoniyanın “Levadiya” komandasının yarımmüdafiəçisi Murad Vəliyev də bir neçə gün öncə “Şamaxı” ilə müqavilə bağlayıb. Belə bir siyasət yürüdən əyalət klubunun cari mövsümdə “Polesye”də çox şans qazanmayan Emilə də təklif göndərməsi istisna edilmir.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Избранный
29
arena.az

1Источники