İtaliyanın baş naziri Corcia Meloni Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarında “daha yaxşı mövqelər” vəd edib...
Poliqon xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, İtaliyaya gözlənilməz səfərlə gələn Zelenski bu gün ölkə prezidenti Sercio Mattarella ilə görüşəcək.
İtaliyanın baş naziri ilə Ukrayna prezidenti arasında söhbət Romada baş tutub və təxminən 1 saat davam edib. Xanım Meloni İtaliyanın Ukraynaya hərtərəfli dəstəyini vurğulayıb. Hökumət başçısı həmçinin Ukraynada ədalətli və davamlı sülh üçün şərait yaradılmasının vacibliyini qeyd edib.
2024-cü ilin dekabrında İtaliyanın müdafiə naziri Quido Krozetto ölkəsinin Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə biləcəyini söyləyib. Öz növbəsində, İtaliyanın Xarici İşlər Nazirliyinin rəhbəri və baş nazirin müavini Antonio Tajani qeyd edib ki, münaqişənin dayandırılmasına nail olmaq lazımdır.
Xatırladaq ki, dünən, yanvarın 9-da Almaniyanın Ramşteyn aviabazasında Ukrayna tərəfdaşlarının görüşü baş tutub və burada ABŞ Kiyevə 500 milyon dollar yardım ayırdığını bəyan edib. Paketə əlavə hava hücumundan müdafiə raketləri, hava-yer döyüş sursatları və F-16 üçün komponentlər daxildir.
Poliqon.info