Mirzoyanın iddiasına görə, 100-ə yaxın azərbaycanlı həmin vaxt mənzillərini satıb, 160 mindən çoxu isə guya Ermənistan hökumətindən təzminat alıb.
Milli Məclisin deputatı Aydın Hüseynov açıqlamasında bildirdi ki, Ararat Mirzoyanın bu fikirləri erməni həyasızlığının növbəti nümayişidir.
Çox da uzaq olmayan, sübuta belə ehtiyacı olmayan real hadisələri-azərbaycanlıların tarixi torpaqlarından güclə deportasiya edilməsini “azərbaycanlılar sivil şəkildə Ermənistanı tərk ediblər” cümləsi ilə ifadə etmək üçün ancaq utanmazlığı adi həyat tərzinə çevirən erməni olmalısan.
300 mindən yuxarı azərbaycanlının Ermənistan adlanan Qərbi Azərbaycandan qovulması və qovularkən işgəncələrə məruz qoyulmaları, öldürülmələri faktdır: “Ortada bütün bunları təsdiq eləyən sənədlər, sübutlar var. Ermənilərin qətlə yetirdiyi azərbaycanlıların siyahısı mövcuddur, qohumları, ailə üzvləri yaşayır. Azərbaycanlıların zorla deportasiya edildiyini əslində Ararat Mirzoyan yaxşı bilir. Mirzoyan azərbaycanlıların öz tarixi torpaqlarına-Qərbi Azərbaycana qayıdışı məsələsinin Azərbaycan dövləti tərəfindən çox ciddi şəkildə qoyulduğunun fərqindədir və bilir ki, bu məsələdə Ermənistan gec-tez geri çəkilməli və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələbini yerinə yetirməli olacaq. Ona görə də erməni nazir erməni xislətinə uyğun davranaraq faktları danmaq yolunu seçib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Ermənistandan azərbaycanlıları deportasiya etdikləri, Ermənistanın bir neçə bölgəsində azərbaycanlıların sayının ermənilərdən çox olduğu və deportasiya nəticəsində Ermənistanda bir nəfər də olsun azərbaycanlının qalmadığı barədə 1993-cü ildə söylədiklərinin videosu bugünlərdə yayıldı. Ararat Mirzoyanın dediklərini Ter-Petrosyanın həmin fikirləri də təkzib edir. Əslində keçmiş prezidentin hələ hakimiyyətdə olduğu zamanda dedikləri Ermənistan dövlətinin deportasiya cinayətinə yol verdiyinin rəsmi təsdiqidir. Xarici işlər naziri Mirzoyanı narahat edən və faktı inkar etməyə sövq eləyən həm də budur. Amma nə qədər inkar etsə də sübutlar, faktlar var. Ermənistanın ən düzgün addımı o olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşsün və azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsini onların dilindən eşitsin, onlarla müzakirə eləsin. Yoxsa ki, faktları inkar etməklə Ermənistanın yol verdiyi cinayəti ört-basdır etmək və daha uzun müddət məsuliyyətdən yayınmaq mümkün olmayacaq”.
Deputat vurğuladı ki, Ermənistandan azərbaycanlıların deportasiya edilməsi ilə ermənilərin Qarabağdan köçməsini müqayisə etməyin özü tamamilə yanlışdır: “Qeyd etdiyimiz kimi, azərbaycanlılar öz torpaqlarından Ermənistan hökuməti tərəfindən güclə çıxarılıblar. Bunu Ermənistanın prezidenti olmuş şəxs də hətta qürurlanaraq söyləyir. Qarabağdan köçən ermənilərin isə əvvəla xeylisi başqa ölkələrin, həmçinin Ermənistanın vətəndaşları idilər. Onlar Azərbaycan ərazisində qanunsuz yaşayırdılar. Bunu özləri də köçən zaman jurnalistlərə etiraf ediblər. Vaxtıilə Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinə və onların ailə üzvlərinə gəlincə, Azərbaycan dövləti onlara köçməmək, Azərbaycan pasportu alıb Azərbaycan vətəndaşı olaraq yaşamaları üçün dəfələrlə müraciətlər etdi. Ancaq onlar bu müraciətləri və çağırışları qəbul etmədilər və könllü olaraq çıxıb getdilər. Onların qarşısını kəsin zorla Qarabağda saxlamaq onların hüquqlarının pozulması olardı. Ermənilər köçərkən bir nəfər də olsun ölən və yaralanan olmayıb. Köç zamanı ermənilər bəyan edirdilər ki, onlara Azərbaycan tərəfindən heç bir təzyiq olmayıb”.