RU

“Qara qızıl” BAHALAŞDI: Siyasi qarşıdurmanın şiddətindən asılı olaraq…

Son günlər dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb. Srağagün bir barel neftin qiyməti 2,09 ABŞ dolları, yaxud 2,62 % artaraq 81,86 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,76 ABŞ dolları təşkil edib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Dünya bazarında “qara qızıl”ın bahalaşmasının səbəbləri barədə fikirlərini Medianews.az-a bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, hazırda qiymət artımı ABŞ-nin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalardan qaynaqlanır.

Onun sözlərinə görə, İrana qarşı gözlənilən sanksiyalar da bazar iştirakçılarında narahatçılıq yaradır: “Hazırkı qiymət artımı Rusiya neftinə qarşı ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar və İrana qarşı gözlənilən sanksiyalardır. Rusiyanın iki neft şirkətinə tətbiq edilən sanksiya nəticəsində onun gündəlik ixracı təqribən bir milyon barel azalmaq təhlükəsi ilə üzləşib. İrana qarşı gözlənilən sanksiyalar isə rəsmi Tehranın Yaxın Şərqdə oynadığı destabilizasiya xarakterli siyasətini cilovlamaq məqsədi güdür. Bu məsələlər də bazar iştirakçılarında narahatçılıq doğurur. Ona görə də hərraclarda neftin qiyməti artır”.

Dünya bazarındakı vəziyyətin ölkəmizə təsirinə, 2008 və 2020-ci illərdəki durumun təkrarlanıb-təkrarlanmayacağına gəlincə, İ.Şaban vurğulayıb ki, mövcud reallıqda əvvəlcədən neft qiymətlərinə dair proqnoz vermək çox çətindir: “Çünki qiymət artımı dünyada yaşanan siyasi qarşıdurma proseslərinin şiddətindən asılı olacaq. Ona görə də proqnoz etmək çox mürəkkəbdir. Amma qiymət artımı Azərbaycan üçün proqnozdan əlavə gəlir deməkdir, qiymətin daha çox ucuzlaşması isə təbii olaraq gəlirlərin azalmasına səbəb olacaq”.

Ərtürk İSMAYIL

Избранный
18
medianews.az

1Источники