RU

“Azərbaycançılıq ideologiyası konstitusiyanın yaranmasında ciddi təsirə malik oldu” - deputat

Hikmət Babaoğlu: “Bu həmrəylik formuluna Azərbaycan xalqı daim sadiq qalmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyev konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə qərar verib.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdəki hakimiyyətlərin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdı. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldildi.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının dövlətçiliyə tətbiqi ölkənin bütün istiqamətlərdə möhkəmlənməsinin təməlində dayanan mühüm faktordur: "Heydər Əliyev konstitusiyamızda ilk dəfə bunu nəzərə aldı. Dünya azərbaycanlılarının qurultayında məşhur deyim olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini işlətdi və qeyd etdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir: “Azərbaycançılıq ideologiyasının təməl prinsipləri 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan ilk konstitusiyasının yaranmasında ciddi təsirə malik oldu. Ölkədə siyasi islahatlara başlanması prosesi bu ideologiyanı özünə meyar kimi seçdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənpərvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var. Azərbaycanın hər bir vətəndaşı etnik mənsubiyyətindən asılı olmayaraq buranı özünün doğma vətəni olaraq qoruyur. 

Ulu öndər Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi. Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması da müstəqil Azərbaycan dövlətinin dövlət institutlarının təsisatlanması mərhələsində Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş ideya oldu. Bu gün də biz dövlətçilik tariximizin müəyyən inkişaf mərhələlərində bu günün nə qədər əhəmiyyətli olduğunu bir daha görürük.

44 günlük Vətən müharibəsində, ondan sonrakı dövrdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları məhz Azərbaycanın mənafeyindən çıxış edərək öz yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsini hakimiyyət orqanlarına çatdırmağın özü ədalətin və beynəlxalq hüququn Azərbaycana münasibətdə yerini tapması üçün böyük işlər hesab edilə bilər. Ona görə də düşünürəm ki, bu həmrəylik formuluna Azərbaycan xalqı daim sadiq qalmalıdır".

Hazırladı: Etibar SEYİDAĞA

Избранный
16
musavat.com

1Источники