RU

Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti

2025-ci ildə Azərbaycanda iqtisadi islahatların dərinləşəcəyi gözlənilir

Maliyyə naziri Samir Şərifovun vəzifəsindən azad edilərək baş nazirin müavini təyin olunması hökumətin dövlət gəlirləri və ümumilikdə maliyyə sektoru ilə bağlı yeni planlarının tərkib hissəsi ola bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azpolitika” yazıb.

Hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir. O, 2004-cü ildən nazir müavini postunda çalışır.

Bunun fonunda ehtimal olunur ki, dövlət gəlirləri və ona nəzarət sektorunu əhatə edəcək vahid dövlət qurumu formalaşdırılır. Belədə Maliyyə Nazirliyi də nəzarət funksiyaları ilə birlikdə yeni qurumun tərkib hissəsinə daxil edilə bilər.

Versiyalardan biri odur ki, yeni qurumun tərkibinə Maliyyə Nazirliyi ilə yanaşı, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər. “Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib”, - “Gününsəsi”nin mənbəsi bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlandığını deyib. “İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”, - dövlət başçısı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZKON) yaradılmasının səbəbləri, bu təsisatdan gözləntilərlə bağlı sualı cavablandırarkən demişdi.

Prezident vurğulamışdı ki, AZKON-un yaradılmasında məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır: “Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik. Bir çox misallar var, məsələn, yükdaşımaları ilə bağlı - Xəzər Gəmiçiliyi üçün bir yükün daşınması daha sərfəlidir, dəmir yolu üçün başqa yükün daşınması. Liman burada nə dərəcədə vasitəçi mexanizm rolunu oynayır? Ona görə məqsəd dövlətin marağına əsasən, hansı yükün daşınması, necə daşınması sərf edirsə, ona da üstünlük verilməlidir”.

Nəşrin ehtimalına görə, idarəetmə sahəsində islahatların davamı kimi dövlət büdcəsinin əsas gəlirlərini təmin edən və prosesə nəzarət edən Maliyyə Nazirliyinin imkanları genişləndirilir.

Vugar

 Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Müsavat”a şərhində bildirdi ki, 2025-ci ildə Azərbaycanda iqtisadi islahatların dərinləşəcəyi gözlənilir. İnstitusional islahatlarla bağlı Prezident tərəfindən bir neçə sərəncamın imzalandığına diqqət çəkən Vüqar Bayramov vurğuladı ki, bu il Azərbaycanda iqtisadi islahatların dərinləşəcəyi il kimi yadda qalacaq: “Xüsusilə idarəetmə sisteminin çevikliyinin artırılması ilə bağlı fəaliyyət davam etdiriləcək. Bu baxımdan dövlət gəlirlərinin formalaşması və eyni zamanda onların xərclənməsi ilə bağlı islahatlar hər zaman müzakirə edilən məsələlərdəndir. Fərqli ölkələrdə fərqli modellər var. O cümlədən bir sıra qonşu ölkələrdə həm vergiyığma, həm də xərcləmə ilə bağlı vahid institusional qurumlar fəaliyyət göstərir. Bəzi ölkələrdə Milli Gəlirlər Xidməti var və həmin xidmət bütün vergilərin toplanmasına məsuldur. Bəzi ölkələrdə isə gömrük və vergi sistemləri fərqlidir. Azərbaycan isə daha uyğun, daha çevik modelin tətbiqini həyata keçirən ölkələrdəndir. Bu baxımdan islahatların davam edəcəyi gözləniləndir”.     

Избранный
6
16
hurriyyet.az

10Источники