RU

Yeniyetmələrin təhlükəli trendləri: “Oğru aləmi”, “vorzakon”, “AUE”...

Şübhəsiz ki, son illərdə yeniyetmə və gənclər arasında kriminal dünyaya maraq artmaqdadır. “Oğru dünyası”, “vorzakon”, “AUE” və buna bənzər terminlər artıq məktəblilərin lüğətinə daxil olub. Bu kimi ifadələr xüsusən də yeniyetmələr üçün müəyyən bir cəlbedicilik qazanıb və onların kriminal mədəniyyətin nümayəndələrini təqlid etməsinə səbəb olur.

Bəs bu tendensiya gələcəkdə hansı problemlərə yol aça bilər?

Sosioloq Üzeyir Şəfiyev Yenisabah.az-a açıqlamasında məsələni belə dəyərləndirib:

“Uşaq və yeniyetmələrin sosiallaşmasında bir neçə institut rol oynayır ki, bunlara ailə, bağça, orta məktəb, ali məktəb, kollektivlər və kütləvi informasiya vasitələri aiddir. Bugün sosiallaşmağa təsir göstərən ən mühüm faktorlardan biri isə sosial şəbəkələrdir. Çünki bugünkü nəsil Z nəslidir. Bu nəsil bütövlükdə internetlə, sosial şəbəkələrlə birbaşa əlaqəlidir. Bu təsir vasitələri isə digərlərindən daha təsiredicidir. Çox əfsuslar olsun ki, bu gün kütləvi informasiya vasitələri və sosial media platformalarında yeniyetmələrin davranışına təsir edəcək kifayət qədər sarı informasiyalar, hüquqa, əxlaqa zid paylaşımlar var. Onlar da şübhəsiz ki, onların sosiallaşmasına, davranışlarına, hətta şəxsiyyət kimliyinə mənfi təsir göstərir. Bu gün kütləvi informasiya vasitələrində, hətta yazılı mətbuatda özlərini media kapitanı sayan insanların mətbu orqanlarında cinayət aləminin insanları qəhrəmanlaşdırılır. Onlar yeniyetmələrə sanki kumir kimi təqdim olunur. Təəssüflər olsun ki, cinayət aləminin insanlarına aid edilən "dəbdəbəli" sözlər manşetləri bəzəyir. Bu yolverilməz  haldır. Bu yaxınlarda bir telekanalda izlədim ki, oğurluqla məşğul olan və bu əməllərlə tanınan cinayətkara elə portret verildi ki, həmin verilişdə çox nüfuzlu və hörmətli insanlar öz xatirələrini bölüşdülər. Gənclər də həmin şəxslərin düz yaşadığını zənn edərək özləri də bu yoldan getməyə üstünlük verirlər”.

Ekspert sözügedən məsələnin gələcəkdə faciəvi nəticələri ola bilməsi ehtimalını da açıqlayıb:

“Ölkə başçımız 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanuna imza atıb. Həmçinin, “Media haqqında”  qanunun 10-cu və 14-cü maddəsində, eləcə də cinayət məcəlləsinin 148.1-ci maddəsində cinayət-prosessual məcəllənin 37-ci maddəsində bununla bağlı yanaşma var. Lakin əfsuslar olsun ki, hazırda biz mətbuatı kontent analiz edəndə görürük ki, əksər kiv-lərdə, eləcə də sosial media vasitələrində sarı, hüquqa zidd informasiyalar əks edilir. Beləliklə də gənclər bundan pis nümunələr götürürlər.

Əgər cəmiyyətimizin gələcəyi olan gənclərin sağlam formalaşmasını istəyiriksə, sosiallaşma institutuna çevrilən sosial şəbəkələrdəki durumu normallaşdırmalıyıq. Buna görə də həmin platformalarda süzgəc mexanizmi təşkil edilməlidir. Sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanunun olması da mütləqdir. O zaman sözügedən platformanın töhvəsini daha fraqmatik bir formada görə bilərik. Əks təqdirdə, uşaq və yeniyetmələrin arasında cinayət əməlləri törədənlərin sayı çoxalmağa davam edəcək. Məktəblərdə məzun günü zamanı cinayət aləmini təbliğ edən mahnıların səsləndirilməsi və uşaqların belə sədalar altında rəqs etməsi bizə bir siqnaldır. Belə məqamların uşaqların psixologiyasına mənfi təsir göstərməməsi üçün diqqətli olmalıyıq. Güman edirəm ki, əgər jurnalistlər cinayət hadisəsini qəzet və saytda yayımlayırsa, orada mütləq jurnalist mövqeyi göstərilməlidir və qeyd edilməlidir ki, bu əməl ona, ailəsinə hansı fəsadları törədir. Belə olanda uşaqlar anlayar ki, cinayət aləminin insanı nə qədər faciəli biridir”.

Aytac Şahin


Telegram kanalımız
Избранный
13
yenisabah.az

1Источники