Avtomobilin yol tutuşu, idarəetməsi və təhlükəsizliyi birbaşa təkərlərin vəziyyətindən asılıdır. Lakin bir çox sürücü təkər alarkən üzərindəki rəqəmlərin və işarələrin nə məna verdiyini bilmir.
Avtosfer.az xəbər verir ki, təkərlərin üzərində yazılan yazılar təkərin ölçüsünü, istehsal tarixini, mövsümə uyğunluğu və digər vacib xüsusiyyətlərini göstərir. Bəs təkər seçərkən nələrə diqqət etmək lazımdır? Üzərindəki işarələr nəyi ifadə edir?
Avtomobil təkəri ustası Elşad Kələyev Avtosfer.az-a müsahibəsində bildirib ki, avtomobilin təhlükəsizliyi və düzgün işləməsi üçün təkərlərin doğru seçilməsi vacibdir.
“Zavod istehsalı olan və istehsalçının müəyyən etdiyi texniki parametrlərə uyğun təkərlərdən istifadə etmək tövsiyə olunur. Avtomobilin konfiqurasiyası zavod tərəfindən müəyyən edildiyi üçün mümkün qədər dəyişiklik edilməməlidir. Təkərin üzərində qeyd olunan ölçü, məsələn 275/40 R20 106Y onun texniki parametrlərini bildirir. Burada 275 təkərin enini (mm ilə), 40 yan divarın hündürlüyünün enə olan faiz nisbətini, “R” radial tipli olduğunu, 20 isə diskin diametrini (düymlə) göstərir. 106 yük indeksidir və təkərin daşıya biləcəyi maksimum yükü bildirir. “Y” isə sürət indeksidir və bu təkərin hansı sürətə dözümlü olduğunu göstərir”.
Təkər ustası vurğulayıb ki, şinləri seçərkən əsas diqqət edilməli məqamlardan biri məhz sürət indeksidir.
“Bu indekslər müxtəlif simvollarla işarə olunur. Məsələn, “Q” indeksi təkərin maksimum 160 km/saat, H indeksi 210 km/saat, “V” indeksi 240 km/saat, “W” indeksi 270 km/saat, “Y” indeksi isə 300 km/saat sürətə qədər təhlükəsiz işləyə biləcəyini göstərir. Hər təkərin üzərində onun hansı sürətdə təhlükəsiz istifadə edilə biləcəyi qeyd olunur. Məsələn, bəzi təkərlər 120 km/saatdan yuxarı sürətlərdə istifadəyə uyğun deyil və bu həddi keçdikdə şin partlaya bilər. Digər tərəfdən “RunFlat” tipli təkərlər daha möhkəm yan divarlara malikdir və hava itirsə belə müəyyən məsafəni 70-80 km/saat sürətlə qət edə bilər”.
Elşad Kələyev onu da qeyd edib ki, təkər alarkən onun istehsal tarixinə də diqqət yetirilməlidir.
“Təkərlərin üzərində istehsal tarixi də qeyd olunur. Məsələn, “DOT 2823” yazısı təkərin 2023-cü ilin 28-ci həftəsində istehsal edildiyini bildirir. İlk iki rəqəm həftəni, son iki rəqəm isə ili göstərir. Hazırda istifadə olunan təkərlərin əksəriyyəti radial təkərlərdir və üzərində "tubeless" yazısı olur ki, bu da onların kamersiz olduğunu göstərir. "Tube type" yazılan köhnə tipli təkərlər isə artıq sıradan çıxıb.
Təkərlərə azot vurulması da yayılmış bir tətbiqdir. Azot təkərin həddindən artıq qızmasının və alışmasının qarşısını alır. Eyni zamanda təkəri daha yumşaq saxlayır və onun uzunmüddətli istifadəsinə kömək edir”.
Fidan