RU

Vətən onu unutmayacaq

44 günlük haqq savaşımızda sinəsini doğma Azərbaycana sipər edib ölümsüzlüyə qovuşan qəhrəmanlardan biri də şəhid Masim Hafiz oğlu Qurbanovdur. Bu Vətən sevdalısı odlardan, alovlardan keçərək igidliyi ilə şanlı bir tarix yazıb. Odur ki, Masim 19 yaşında bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönərək əbədi bir ömür qazanıb. İndi bizim üçün iftixar mənbəyi, qürur yeri olan Masimin doğum günü Masallı camaatı tərəfindən böyük ehtiramla qeyd olundu.

Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalan Masim Qurbanov Masallı rayonunun Ərəb kəndində dünyaya göz açıb. 2008-2017-ci illərdə Masallı rayonu Ərəb kənd tam orta məktəbində təhsil alıb. Yağıdan qisas almaq məqsədilə ordu sıralarında Vətənin keşiyində durub. Nümunəvi xidməti onu zabitlərin, əsgərlərin sevimlisinə çevirib.

2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinə Masim Qurbanov könüllü gedib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərdə yağıya qan qusdurub. 2020-ci ildə oktyabrın 30-u Qubadlı istiqamətində gedən ölüm-dirim savaşında düşmən gülləsinə tuş gələrək əbədiyyət adlı dünyasına qovuşub. Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğma Ərəb kənd qəbiristanlığında canından əziz bildiyi torpağa tapşırılıb. Ölümündən sonra şəhidimiz dövlət tərəfindən “Vətən uğrunda”, Qubadlının, Cəbrayılın azadlığına görə və “Cəsur döyüşçü” medallarına layiq görülüb.

Onu da bildirək ki, şəhid Masimin atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olub və II qrup Qarabağ müharibəsi əlilidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
10
ikisahil.az

1Источники