Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı “Baykar”ın iştirakı ilə yaradılmış “Fergani Space” şirkətinin ilk peyki “SpaceX” şirkətinin raketi ilə kosmosa buraxılıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Buraxılış ABŞ-nin Vandenberq bazasından həyata keçirilib. Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.
“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar peykin buraxılışını şərh edərək bildirib: “20 illik hədəfə çatdıqdan sonra bir az daha irəli getdik və kosmik tədqiqatlara başladıq”.
Onun sözlərinə görə, Türkiyə şirkəti “Fergani” layihəsi çərçivəsində qlobal mövqe təyini sistemi yaratmaq niyyətindədir. O həmçinin qeyd edib ki, “Fergani” peyki üçün hidrogen peroksid mühərrikinin sınağı 2024-cü ilin may ayında keçirilib.