RU

"Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdu" - İlqar Aslanov

Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdu.

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis səfərə qədər daha bir matç keçirmək istədiklərini vurğulayıb:

“Komanda yanvarın 10-dan toplanışdadı. Məşqlərimiz plana uyğun şəkildə davam edir. Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmaları yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidilər, çalışırlar dediklərimizi icra etsinlər. Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdu. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq. Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun. Çünki San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”.

Baş məşqçi AÇ-2025-in ilkin mərhələsindəki rəqibləri də dəyərləndirib:

“Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var. Fiziki baxımdan güclü rəqibdi, topla yaxşı oynayırlar. San Marinonun isə bir neçə oyununa baxmışıq. Onlar ötən həftə beynəlxalq turnirdə iştirak ediblər. Müəyyən qədər informasiyamız var. Düzdür, hər 3 oyunda uduzublar, lakin bu, zəif rəqib olması anlamına gəlmir. Ümumiyyətlə, bu gün futzalda zəif komanda, rəqib anlayışı yoxdu. Üstəlik, San Marino öz meydanında oynayacaq. Təqvimi də elə qurublar ki, onlar birinci matçdan sonra bir gün dincələcəklər. Amma Kosovo və biz ardıcıl 2 gün ərzində 2 görüş keçirəcəyik. Biz ora çatan gün San Marino - Kosovo oyunu olacaq. Bu görüşü canlı izləməyi düşünürük”.

Təcrübəli mütəxəssis komandanın qarşısına yaxşı nəticə qazanmaq tapşırığı qoyulduğunu bildirib:

“Yaxşı hazırlaşırıq. Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik. Komandanın qarşısına yaxşı oynamaq və nəticə qazanmaq tapşırığı qoyulub. Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək. Çünki növbəti mərhələyə ancaq qrup lideri olan komanda vəsiqə qazanacaq”.

Qeyd edək ki, U-19 AÇ-2025-in ilkin mərhələsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq. Komanda bu məqsədlə yanvarın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb.
Избранный
3
2
football-plus.az

10Источники