RU

Yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli: Əhali bu bankdan kütləvi şikayət edir

Mərkəzi Bank ötən ilin dekabr ayı üzrə "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi"ni dərc edib. “Expressbank” əhalinin şikayət etdiyi banklar sırasında yer alır. Maliyyə bazarında borc təklifi, eləcə də “sərfəli” şərtlərlə əmanət cəlbi ilə aktiv rol oynamağa çalışan bank fəaliyyətini daha çox qazanmağa kökləyib. Səbəb də son illər maliyyə qurumunun yaşadığı likvidlik problemidir.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, ötən ilin üçüncü rübündə “Expressbank” müştərilərə 468 milyon 202 manat kredit verib. İlin sonu ilə müqayisədə kreditləşmə 58 milyon 949 min manat artıb. Bank biznes, istehlak, eləcə də daşınmaz əmlak kreditlərini artırıb. Nəticədə iri kredit borclarının məcmu kapitala nisbəti 8,77% təşkil edib. Bankın ayırdığı 468 milyon 202 manat kreditin 308 milyon 413 min manatı isə Bakının payına düşüb. Bu da kreditləşmənin 65,87% deməkdir. Yəni bankın verdiyi hər 100 manat kreditin 66 manatı Bakının payına düşür. Bir sözlə bank kredit portfelini proposional bölüşdürməyib.

Vaxtı keçmiş kreditlərin həcmi artıb

Yeri gəlmişkən, “Expressbank”ın kredit portfeli şişdiyi kimi vaxtı keçmiş kreditlərin həcmi də artıb. 7 milyon 100 min manat kreditin vaxtı keçib. Xüsusilə istehlak kreditlərindəki gecikmələrin payı daha yüksəkdir. İstehlak kreditləri üzrə gecikmələr kreditlər portfelinin 0,98 faizini təşkil edir. Nəzərə alsaq ki, vaxtı keçmiş kreditlər portfelin 1, 52 faizinə bərabərdir, bank əhaliyə verdiyi borcu geri almaqda çətinlik yaşayır. Xüsusilə fiziki şəxslərə verilən kreditlərin 4 milyon 801 min manatının vaxtı keçib. Ümumilikdə vaxtı keçmiş 7,1 milyon mant kreditin 3 milyon 952 min manatı paytaxtda verilən kreditlərin payına düşür. Xatırladaq ki, ilin əvvəlində vaxtı keçmiş kreditlərin məbləği 5 milyon 954 min manat olub. Bankın kredit portfeli böyüdükcə, problemli kreditlərin həcmi də şişib.

Bundan əlavə, 468 milyon 202 manat kreditin 214 milyon 183 min manatı təminatsızdır və 213 milyon 807 min manatı isə əmlakla təmin edilib. Verilən kreditlərin böyük hissəsi isə uzunmüddətlidir. Konkret olaraq bir ildən beş ilə qədər. Bankın reklam kampaniyalarında biznes kreditləri üzrə xüsusilə mikro kredit istiqamətində fəaliyyətin genişləndirildiyi, bununla real sektora dəstəyin artırıldığı bildirilsə də, paralel olaraq istehlak kreditləşməsini də artırdığı qeyd olunur. Məsələn, son bir ildə “Expressbank” biznes kredit portfelini 24% artıraraq, 140 mln. manata yüksəldib. İstehlak kreditləri də 2024-cü ilin noyabrında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq, 215 milyon 420 min manata çatıb.

Şirkətlər bankdan pullarını geri çəkir

Hesabat dövründə Bankın depozit portfeli 236.5 milyon manata çatıb. Əhalinin “Expressbank”a yatırdığı əmanətlərin həcmi 24% artıb və 189 mln. manat təşkil edib. Əvəzində hüquqi şəxslərin əmanətlərinin həcmi azalıb. Bu portfel kiçilərək, 78 milyon 276 min manatdan 46 milyon 979 min manata düşüb. “Expressbank”ın maliyyə hesabatlarından aydın olur ki, müştərilərin depozitlərinin böyük hissəsi – 95 milyon 504 min manatı tələbli depozitlərdir. Yəni müştərilər vəsaitlərini qeyri müəyyən müddətə banka yerləşdiriblər. İstədikləri anda həmin vəsaiti bankdan çıxara bilərlər. Onu da vurğulayaq ki, belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. Müddətli depozitlərin həciminə gəlincə, ilin əvvəli ilə müqayisədə onların həcmi artıb. Lakin bunda da dollarla depozit cəlbi rol oynayıb.

Bankın ticari və investisiya qiymətli kağızlara yatırımları isə azalıb. Qiymətli kağızlar üzrə aktivlər 2024-cü ilin 10 ayında ilin əvvəlindəki 51 milyon 930 min manatdan 29 milyon 134 min manata düşüb. Paralel olaraq, bu yöndə faiz gəlirləri də düşüb. 2023-cü ilin noyabrındakı 3,2 milyon manata qarşı 2024-cü ilin müvafiq dövründə 1,9 milyon manat olub. Banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmində də kəskin azalma olub. Ötən ilin əvvəlindəki 31 milyon 898 min manatdan ilin üçüncü rübündə 5 milyon 862 min manata düşüb. Bu faiz gəlirlərinə də təsir gösətərib. “Expressbank”ın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2023-cü ilin noyabrındakı 1,6 milyon manatdan 2024-cü ilin müvafiq dövründə 412 min manata enib.

Bankın komissiya gəlirləri artasa da, xarici valyutadan gəlirləri azalıb. Bu da vətəndaşların xarici valyutalarla bağlı banka müraciətlərinin aşağı düşməsi deməkdir. Yəni bank xarici valyutalar üzrə daha yüksək marj siyasəti həyata keçirir. Ona görə də insanlar prosesdə aktiv iştirak etmirlər.

Yüksək kredit siyasəti bankın müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirlərini artırıb. Lakin depozitlər, Mərkəzi Bank və dövlət fondları qarşısında öhədlikləri üzrə faiz xərcləri də yüksəlib.

Beləliklə 2024-cü ilin üçüncü rübündə “Expressbank”ın xalis mənfəəti azalıb. 2023-cü ilin üçüncü rübündəki 9, 967.81 min manatdan 2024-cü ilin müvafiq dövründə 9, 175.38 min manata düşüb. Mənfəət vergisindən əvvəlki gəliri 11 milyon 523 min manat olub. 2023-cü ilin hesabat dövründə bu rəqəm 12 milyon 440 min manat idi.

Избранный
6
5
publika.az

6Источники