Azərbaycanda 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (CPI) 2023-cü ilin eyni dövrünə nisbətən 4.9 faiz artımla 2023-cü ilin oktyabrından bu tərəfə maksimuma yüksəlib.
Kommersant.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının əsas mandatı ölkədəki qiymətlərin tənzimlənməsidir. Qiymətlərin yüksəlməsinə qarşı o arsenalında olan bütün vasitələrlə inflyasiyanı zamanında boğmağa çalışır. Bununla belə, inflyasiya artan tendensiya ilə getsə də, hələ ki, onun 2-6 faizlik diapazonu daxilindədir. AMB keçən ilin ilk rübünə qədər faizləri endirsə də, həmin tarixdən sonra gözləmə mövqeyinə çəkilib. 22 yanvar iclasında AMB-nin faizlərlə bağlı iclası planlaşdırılıb.
Qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5.5 faiz, qeyri-qida məhsulları üzrə illik 2.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 6.3 faiz yüksəlib.
Dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1 faiz təşkil edib. 2024-cü ilin yanvar-dekabr aylarında isə CPI, 2023-cü ilin eyni dövrünə nisbətən 2.2 faiz artım göstərib.
2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz təşkil edib.
Cari ilin dekabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin dekabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 104,0 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.