Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində hüquq-mühafizə orqanları hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasından olan deputatlar İrakli Zarkua və Viktor Sanikidzenin iştirakı ilə baş verən hadisəni araşdırır.
“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə səfirliyindən bildirilib.
"Bizdə olan məlumata görə, hadisənin araşdırılması ilə yerli hüquq-mühafizə orqanları məşğul olur", - məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl deputatların istirahət etdikləri Əbu-Dabidəki otel restoranlarından birində insidentin baş verdiyi barədə məlumat verilmişdi. Həmin oteldə istirahət edən gürcü mənşəli şəxslərdən biri onları və hakimiyyəti təhqir edib, nalayiq sözlər işlədib. Növbəti gün onlar arasında dava düşüb.
Deputatlar insidentdən sonra sosial şəbəkədə video paylaşaraq baş verənləri şərh ediblər. Onların sözlərinə görə, hadisə ilə fəxr etmək olmaz, lakin onlar "opponentin bu cür davranışını cavabsız qoya bilməzdilər".