Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidməti və aidiyyəti dövlət orqanlarının birgə fəaliyyəti nəticəsində 2024-cü ildə ölkədə 32 milli texniki reqlament layihəsinin hazırlanması və ekspertizası həyata keçirilib. Dövlət Xidmətinin məlumatına görə, bu reqlamentlərdə müəyyən edilmiş əsas tələblərdən irəli gələn 52 istinad edilmiş standartın qəbul edilməsi, 59-nun isə beynəlxalq tələblərə uyğunlaşdırılması təmin edilib.
Milli texniki reqlamentlərin qəbulu məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizliyinin tənzimlənməsi, əhalinin həyat və sağlamlığının qorunması, biznes mühitində rəqabətqabiliyyətliliyin artırılmasında mühüm rol oynayacaq.