RU

Ekspert: Buraxılış imtahanlarının tədris ilinin bitməsinə 13 həftə qalmış keçirilməsi qəbuledilməzdir

Ekspert bildirib ki, buraxılış imtahanlarını çox rahatlıqla iyunun ilk həftəsində keçirmək mümkündür.

Xəbər verdiyimiz kimi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək

Bəs buraxılış imtahanlarının tədris ili yekunlaşmamış keçirilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov “Operativ Media”ya açıqlama verib.

Ekspert attestat qitmətlərinin buraxılış imtahanlar əsasında verildiyini vurğulayıb:

“Artıq illərlə təhsil mütəxəssisləri buraxılış imtahanalrının tədris ilinin yekunundan əvvəl keçirilməsi ilə bağlı etirazlarını bildirirlər. Məsələ bundadır ki, tədris ilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarı ilə müəyyən edilib. Və bu müddət 34 həftədir. Eyni zamanda, Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində təhsil alanların yekun attestasiyası imtahanlarla müəyyən olunur. Qərarda qeyd edilir ki, yekun attestasiya buraxılış imtahanları və illik qiymətlərlə müəyyən olunur.

9 və 11-ci siniflər üzrə attestat qiyməti, illik ortalama və buraxılış imtahanı üzrə müəyyənləşdirilir.

E.qafarov bildirib ki, imtahan nəticələrini maksimum üç gün ərzində elan etmək mümkündür:

"Buraxılış imtahanlarının tədris ilinin bitməsinə 13 həftə qalmış keçirilməsi absurd və qəbuledilməzdir. Texnologiyanın yüksək inkişaf etdiyi bir dövrdə, Dövlət İmtahan Mərkəzinin əlində böyük imkanlar olduğu halda bu üsul məntiqsizdir. Biz imtahan nəticələrini bir, iki, maksimum üç gün ərzində elan edə bilərik. Lakin reallıq odur ki, DİM bu imtahanları tədris ilinin başına 13 həftə qalmış keçirir. Bu isə özlüyündə bir neçə problem yaradır.

İlk olaraq, bilirsiniz ki, bu gün ali və orta təhsil müəssisələrinə qəbul olmaq istəyən hər bir şəxs repetitor yanına gedir. Repetitorlar isə bu imtahanların tez keçiriləcəyini nəzərə alaraq uşaqları daha çox yükləyirlər. Əlavə proqramlar şagirdlərə çox yüklənilir. Burada istismar olunanlar isə bizim şagird və abituriyentlərimizdir. Nəzərə alsaq ki, onların yaşı 15-16-dır, bu, gələcəkdə uşaqların psixoloji durumuna ciddi təsir göstərə bilər. Nəticə etibarı ilə bu, qəbul edilməzdir”.

Ekpsert mart ayında keçirilən buraxılış imtahanlarından sonra məktəblərdə tədris prosesi tamamilə pozulduğunu bildirib:

“DİM qeyd edir ki, buraxılış imtahanına 13 həftəlik proqram düşmür. Bu zaman ortaya sual çıxır: yekun attestasiya buraxılış imtahanı 9 və 11-ci sinif proqramları üzrə aparılırsa, niyə bu imtahanlar 13 həftə əvvəl keçirilir? Bu tədris ilinin təqribən 1/3-ni təşkil edir. Yəni, buraxılış imtahanına tədris ilinin 2/3 proqramı salınır. Bu məsələnin birinci tərəfidir.

İkinci tərəf isə ondan ibarətdir ki, mart ayında keçirilən buraxılış imtahanlarından sonra məktəblərdə tədris prosesi tamamilə pozulur. 9-cu və 11-ci siniflər məktəbə gəlmir, və ya şagirdləri dərsdə saxlamaq mümkün olmur. Davamiyyətlə ciddi problemlər yaranır. Ümumilikdə, bu, bütün təhsil sistemini pozur.

Bu baxımdan biz təklif edirik ki, Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanları iyun ayının ilk şənbə və bazar günlərində keçirilsin. Hazırda Azərbaycanda 9-cu sinifdə oxuyan 100-120 min, 11-ci sinifdə oxuyan şagirdlərin sayı isə 100 mindən azdır. Buna görə də, bu imtahan iyul ayının ilk şənbə və bazar günlərində keçirilə bilər. Nəticə olaraq, belə bir problem yaşanmaz.

Buraxılış imtahanlarının tədris ilinin başına 13 həftə qalmış keçirilməsinin heç bir məntiqi əsası yoxdur. Bu məsələdə ən böyük əziyyət çəkənlər məzunlar və şagirdlərdir. Daha sonra isə repetitorlara üz tutmağa məcbur olan valideynlərdir. Və ümumilikdə, təhsil sistemidir ki, mart ayından başlayaraq aprel, may, iyun aylarında 13 həftə ərzində tədris prosesi pozulur. Bu imtahanları çox rahatlıqla iyunun ilk həftəsində keçirmək mümkündür”.

 

Gülcahan Məmmədova 

Избранный
9
operativmedia.az

1Источники