RU

Ermənistan ABŞ-nin nəzarətində: Təhlükəsizlik təminatı, yoxsa təhlükə? – ÖZƏL

"Ermənistan və ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sənədi müəyyən müəmmalı məqamları ilə diqqəti çəkir. Qətiyyən şübhə doğurmur ki, bu, həm də   ABŞ-nin geopolitik maraqlarına xidmət edən sənəddir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında   Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasını şərh edən siyasi ekspert Elçin Xalidbəyli deyib:

"İlk növbədə  Azərbaycana, Türkiyəyə, Rusiyaya və İrana qarşı yönəlmiş sənəd təsiri bağışlayır. Ancaq bu sənədin başqa önəmli məqamları da mövcuddur. Bu da ondan ibarətdir ki, strateji tərəfdaşlıq sənədi Ermənistanı tam şəkildə ABŞ-nin nəzarəti altına keçirmiş oldu. Eyni zamanda, bu sənəd həm də Ermənistanı tam şəkildə ABŞ-nin himayəsi altında da yerləşdirmiş oldu. Bu baxımdan Ermənistan bundan sonra  ABŞ tərəfindən idarə olunacaq və eyni zamanda qorunacaq. Bu, ilk baxışdan Ermənistan üçün müəyyən təhlükəsizlik təminatı kimi görünmüş olsa belə, yaxın gələcəkdə Ermənistanın özü üçün böyük təhlükələr yarada bilər".

Ekspert analoji sənədin vaxtilə Gürcüstan üçün də imzalandığını xatırladıb:

"Hazırda Gürcüstan və ABŞ arasındakı münasibətlərin necə olduğu hər kəsə bəllidir. Böyük ehtimalla yaxın gələcəkdə bu sənədə güvənib cəsarətlənən Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dən çıxması barədə qərar qəbul edə bilər və bu halda Ermənistan-Rusiya münasibətləri ciddi şəkildə gərginləşmiş olacaq. Rusiya ilə hərbi müttəfiqlik pozulmuş olacaq, çünki artıq Kremldən verilən mesajlarda vurğulanır ki, Rusiyanın hərbi müttəfiqi Rusiyanın düşməni ilə strateji tərəfdaş ola bilməz, yəni bu, kəskin ziddiyyət təşkil edən məsələdir. Yəqin ki, indiyə qədər Ermənistana maksimum səviyyədə tolerant yanaşmaq məcburiyyətində olan Rusiya bundan sonra artıq tamamilə ABŞ-nin nəzarətinə keçmiş Ermənistana münasibətini dəyişmək məcburiyyətində də qalacaq".

E.Xalidbəyli qeyd edib ki, Kremlin Ermənistana yönəlik bütün ümidləri artıq tükənmək üzrədir, çünki Paşinyan hakimiyyəti Ermənistanın Rusiyanın orbitinə geri dönməyəcəyini ABŞ ilə strateji tərəf müqaviləsini imzalamaqla təsdiqləmiş oldu:

"Bundan sonra Kremlin Ermənistandan hansı gözləntilərinin olacağı tamamilə şübhəli məsələdir. Deməli, istənilən halda Kreml Ermənistanla bağlı qərarını vermək məcburiyyətində qala bilər. Bunun da Ermənistan üçün olduqca ağır nəticələrinin ola biləcəyi qətiyyən istisna deyil. Çünki Ermənistan iqtisadiyyatının idxal və ixrac istiqamətləri birbaşa Rusiya bazarları ilə bağlıdır. Eyni zamanda, Ermənistan iqtisadiyyatı Avrasiya İqtisadi İttifaqının qarşılıqlı güzəştlər sistemindən də maksimum səviyyədə qidalanır. Bu dayandırıla, Rusiya bazarları da Ermənistan iqtisadiyyatının üzərinə qapadıla bilər. Bu da Ermənistan iqtisadiyyatının çökmə ehtimalı deməkdir".

Ekspert həmçinin Ermənistanın enerji resurslarına olan ehtiyaclarının məhz Rusiyanın hesabına ödənildiyini vurğulayıb:

"Rusiya Ermənistana çox ucuz, dünya bazarlarından qat-qat aşağı qiymətlərə enerji resursları, o cümlədən təbii qaz ixrac edir. Rusiya təzyiq üsulu kimi enerji resurslarının Ermənistana satışını da dayandıra bilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan bazarı Rusiya üçün o qədər də önəmli enerji bazarı sayılmır. Yəni  Rusiya üçün bu, itki olmayacaq. Ermənistan bu sənədi imzalamaqla ilk baxışda təhlükəsizlik təminatı kimi görünsə belə, yaxın gələcəkdə Ermənistan iqtisadiyyatını çökdürə biləcək bir təhlükə ilə üzləşmiş oldu. Çünki Ermənistan Rusiya ilə iqtisadi-ticari münasibətlərə hələlik başqa istiqamətdə alternativ yarada bilməyib və bu alternativ iqtisadi-ticari münasibətlər sistemi olmadan Ermənistanın ayaqda  durması olduqca çətin məsələdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
50
olaylar.az

10Источники