RU

AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri hesab olunan “20 Yanvar”ın 35-ci ildönümü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) anılıb. 

"Unikal" xəbər verir ki, anım tədbirində ümummilli lider Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 20 Yanvar faciəsini xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyi qəhrəmanlıq və milli iradənin təcəssümü kimi dəyərləndirib. Bildirib ki, 20 Yanvar yalnız Sovet İttifaqının öz vətəndaşlarına qarşı törətdiyi amansız vəhşilik deyil, eyni zamanda bu rejimin süqutunun başlanğıc nöqtəsi idi.

“20 Yanvar azərbaycanlıların azadlıq uğrunda mübarizə əzmini nümayiş etdirdi. Sovet rəhbərliyi xalqımızı qorxuyla susdurmağa çalışsa da səhəri gün şəhidlərimizin dəfninə milyonlarla insan qoşuldu. Bu, xalqımızın SSRİ rəhbərliyinə etiraz səsi, müstəqillik uğrunda mübarizə mesajı idi.” – deyə rektor bildirib.

Rektor çıxışında ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvada Azərbaycanın haqq səsini dünyaya çatdırdığını vurğulayıb. 1993-cü ildən sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Ölkəmizin müstəqilliyi möhkəmlənib, güclü ordu yaradılıb və inkişafının əsası qoyulub.

Ulu Öndərin ordu quruculuğu sahəsində  başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bunun nəticəsidir ki,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra əzəli torpaqlarını düşmən tapdağından qurtardı. Həmçinin 44 günlük Vətən müharibəsi xalqımızın milli ruhunu, gəncliyimizin qəhrəmanlığını və mübarizə əzmini bütün dünyaya göstərdi: “Müharibə zamanı Azərbaycan gəncləri, əsgər və zabitlərimiz öz həyatları bahasına böyük qəhrəmanlıq göstərərək xalqımızın şərəfini qorudular. Şuşanın azad olunması ilə yekunlaşan bu mübarizə həm şəhidlərimizin ruhuna ehtiram, həm də tarixi ədalətin bərpası oldu”.

Rektor bildirdi ki, Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq xalqımız bu faciəni yaddan çıxarmır, dərin hörmət və ehtiramla yad edir. Xalqımız kimi AzMİU kollektivi də şəhidlərimizi unutmur və xatirəsini daim uca tutur. Universitetimizdə yaradılan şəhidlər guşəsi bizim üçün müqəddəs bir yerdir, burada şəhid olmuş məzun və əməkdaşlarımızın adları həkk olunub. Bu guşə tələbələrimiz üçün qəhrəmanlıq və vətənpərvərlik guşəsidir. Biz hər zaman şəhidlərimizə borcluyuq, onların fədakarlığı sayəsində bu gün müstəqil və güclü bir dövlətə sahibik.

İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev də çıxışında 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşındakı əhəmiyyətini vurğulayıb. Qanlı Yanvar hadisələrini xalqımızın azadlıq uğrunda başladığı mübarizənin ilkin addımları kimi dəyərləndirib və 44 günlük Vətən mübaribəsi, anti-terror əməliyyatları ilə yekunlaşdığını söyləyib.  Gəncləri şəhidlərin qanı ilə yazılan şanlı tariximizi unutmamağa və  gələcək nəsillərə ötürməyə səsləyib.

AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Nemət İmanov çıxışında 20 Yanvar hadisələri haqqında ona və onun kimi gənclərə məlumat verən müəllimlərə, ziyalılara təşəkkür edib və bu tarixi yaddaşın 44 günlük müharibə zamanı gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsinə, onların şücaət göstərməsinə təsirindən danışıb.  

Anım tədbirinin sonunda iştirakçılar universitetdəki şəhidlər guşəsinə tər güllər düzərək Vətənin qəhrəman oğullarının müqəddəs ruhuna ehtiramlarını ifadə ediblər. 

Избранный
5
50
unikal.az

10Источники