RU

20 yanvar - 35 il...

Yazını böyüt
Yazını kiçilt

20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqın milli iradəsinin sarsılmazlığının, mətinliyinin nümayişi günüdür. 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən o qanlı faciədən 35 il keçir…

Həmin gün Azərbaycan xalqı əsrlərboyu daim işğal, soyqırımı, məğlubiyyət, məhrumiyyət, repressiya, deportasiyaya məruz qoyulan, hüquqları pozulan millət olmaqdan usandığını bütün dünyaya bəyan etdi.  O, millət, xalq olaraq müstəqilliyini bərpa etmək üçün ayağa qalxdı. O gün əliyalın küçələrə çıxıb sinəsini sovet tanklarına sipər edən Azərbaycan insanı canı, qanı ilə milli mücadilə yolunun xəritəsini cızdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 135 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyev oldu. Ulu Öndər 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən mətbuat konfransında çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bəyan etdi.

7 mart 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsi barədə demişdi:

"1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür".

Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlandığını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqazidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri onillər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil".

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Azərbaycan xalqı 5 ildir ki, 20 Yanvar hadisələrini qalib xalq kimi yad edir, Şəhidlər Xiyabanını ziyarət edir, 20 yanvar şəhidlərini böyük ehtiram, Azadlıq mübarizəsinin ilk göyərçinləri olaraq yad edirlər.

2020-ci il sentyabrın 27-də səbri tükənən Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə düşmənə qarşı əks-hücuma keçdi və 44 günün içində erməni və onun mənfur havadarlarına öz yerini göstərdi. Bu 44 günlük zəfərimizdə ötən tarixlərin qaranlıq səhifələrində düşmənin zülmünə düçar olan 20 Yanvar qurbanların da ahı alındı. 44 günlük Vətən Müharibəsində qazandığımız bu zəfər, elindən, torpağından, yurdundan qaçqın düşən, XXI əsrdə hüquqları pozulan insanlarımızın əyilən qamətini düzəltdi, kişilər başını qaldırdı, qadınlar öz ərləri ilə qürur duydular. Bu zəfər insanlarımızda gələcəyə bir inam, bir ümid yaratdı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!..

Избранный
24
2
hafta.az

10Источники