17-19 yanvar 2025-ci il tarixində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi – 2025: Kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində” XIII beynəlxalq elmi-praktiki konfrans baş tutub.
KONKRET.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Konfransın Elmi və Təşkilat Komitəsinin sədri Prof.Dr. Rubin Zemon deyib ki, kollektiv yaddaş bir qrup tərəfindən paylaşılan və onların sosial kimliyinə təsir edən xatirələrdir. Tədqiqatlar ya keçmişin seçiminə, ya da keçmişin ağırlığına diqqət yetirir. “Sosial topoqrafiya” açıq-aydın idrak fokusunu nəzərdə tutur və keçmişin zehnimizdə necə qeydə alınıb təşkil olunduğuna baxır. Daha sonra o, yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər mövzusunda danışıb. Daha sonra Ohrid şəhər bələdiyyəsinin sədr müavini Ana Krstevka, Avstriya İohann Kepler Universitetinin professoru Dr. Veronika Vitman, Macarıstan Qabaqcıl Tədqiqatlar İnstitutunun dosenti Dr. Monkia Matay, Türkiyə Adnan Menderes Universitetinin dosenti Dr. Əhməd Aytac, Albaniya Elbasan Universitetinin professoru Mələk Şopi çıxış ediblər.
Konfrans Azərbaycanlı arxeoloq alim, professor, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Konfrans Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzi (Skopye şəhəri), Türkiyənin Adnan Menderes Universiteti (Aydın şəhəri), Macarıstanın Qabaqcıl Tədqiqatlar İnstitutu (Kozseg şəhəri) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı şəhəri) birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Albaniya, ABŞ, Birləşmiş Krallıq, Avstriya, Serbiya, Monteneqro, Gürcüstan, Macarıstan, Slovakiya, Çexiya, İsveçrə, Yunanıstan, Latviya, İtaliya, Sloveniya, Bolqarıstan, Rusiya, Braziliya, Yamayka, Kosova və digər dövlətlərdən 80-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış edib.