RU

Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdəndir - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“Baş nazir İrakli Kobaxidzenin Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi özündə mühüm mesajları ehtiva edir”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə ölkəmizin xarici siyasətində qonşu dövlətlərlə münasibətlər xüsusi yer tutur. Qarşılıqlı etimad və əməkdaşlıq şəraitində qurulan bu münasibətlər bir çox hallarda nümunəvi şəkildə irəliləyir.

R,Bayramov qeyd edib ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər hər zaman dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanıb. Münasibətlərin bu səviyyədə olmasında həm iki ölkə arasında olan diplomatik münasibətlərin, həm də əsrlər boyu davam edən birgə yaşayışın böyük təsiri var. Ona görə də strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub.

“Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkələrimiz arasında ticarət əlaqələri gündən-günə genişlənir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bundan əlavə, ölkələrimizin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi birgə layihələr təkcə ölkələrimizin deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsasına çevrilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirilən yaşıl enerji layihələri əməkdaşlıq üçün yeni üfüqlər açır.

Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Çini Avropa ilə Azərbaycan və Gürcüstan vasitəsilə birləşdirən Orta Dəhliz qlobal ticarət üçün həyati bir arteriyaya çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər artmaqdadır. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixrac artır. Keçən il bu, 25 milyard kubmetr olmuşdur. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bütün bu sadalananlar ölkələrimiz arasındakı münasibətlərin iqtisadi, siyasi və digər sahələrdə yüksələn xətt üzrə inkişafını sübut edir”.

Politoloq qeyd edib ki, iki ölkə arasında münasibətlərin vacib prinsiplərindən biri də hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsidir.

“İndiki mərhələdə, yəni separatizm meyllərinin mövcud olduğu və xarici təzyiqlərin artdığı bir zamanda bu cür mövqenin ortaya qoyulması olduqca vacibdir. Hər iki ölkə istənilən beynəlxalq tribunada bu mövqeni fəal şəkildə təbliğ etməklə həm də Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsini bütün dünyaya nümayiş etdirmiş olur.

Şübhəsiz ki, ölkə rəhbərlərinin hər səfəri və hər görüşü mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi baxımından xüsusi önəm daşıyır. Bu dəfəki görüş də kifayət qədər məhsuldar oldu deyə bilərik. Səfər zamanı həmçinin hökumətlər arası iqtisadi komissiyanın 10-cu iclası da keçirildi ki, bu da inkişafda olan ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə sözsüz təkan verəcək. Ümumiyyətlə isə Gürcüstan Baş Nazirinin son səfəri, keçirilən görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar onu deməyə əsas verir ki, hər iki tərəf bundan sonra da ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdırlar”.

Избранный
24
50
hafta.az

10Источники