İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunda günahkar bilinən Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Bu qərara 2023-cü ilin yanvarında hücum zamanı həyatını itirmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov münasibət bildirib.
"Edam hökmü qüvvədə saxlanıldı"Rizvan Əsgərov Teleqraf.com-a açıqlamasında bildirib ki, hadisədən iki il keçməsinə baxmayaraq, hökm hələ icra edilməyib:
"İlk vaxtlar dedilər ki, o, anlaqsız olub. Lakin daha sonra anlaqlı olduğu sübut edildi. Dövlətimiz sağ olsun, bu işin sonuna qədər getdi və ölüm hökmü qüvvədə saxlanıldı. Bizim ailənin də tələbi bu idi – edam həyata keçirilsin!"
İran qanunlarının tələbiRizvan Əsgərov əlavə edib ki, İran qanunlarına görə edam yalnız zərərçəkmiş ailənin istəyi ilə icra edilir:
"Hadisədən sonra İran nümayəndə heyəti bizə kompensasiya və ya ölüm hökmü ilə bağlı seçim təklif etdi. Biz isə açıq şəkildə edamın həyata keçirilməsini tələb etdik. İnanıram ki, yaxın zamanda hökm icra olunacaq."
Hücumun detalları
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib. Hücum zamanı mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov yaralanıb. Hadisə zamanı hücum edən şəxs “Kalaşnikov” silahından istifadə edib.
Təltiflər:
Orxan Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir İmanov isə "Vətən uğrunda" medalı ilə mükafatlandırılıb.Ailənin ədalət gözləntisi
Hadisənin qurbanı Orxan Əsgərovun ailəsi bu prosesdə ədalətin tam təmin olunacağına ümid edir. Rizvan Əsgərov bildirib ki, ailə yalnız edam qərarının icrasını qəbul edəcək.
Xatırlatma: İranın Ali Məhkəməsi bu gün Yasin Hüseynzadəyə qarşı çıxarılan edam hökmünü təsdiqləyib.