RU

Mükafat qalibi alim: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayının artırılması, elmi-tədqiqatın stimullaşdırılması və alimlərin obyektiv qiymətləndirilməsi məqsədilə 300-dək alimə 1000 manatadək mükafat verilir.

 

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, Molekulyar genetika ve genomika şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Mehrac Abbasov mükafatlandırılan alimlərdən biridir.

 

AzEdu.az Təhsil Portalı olaraq uğurlarına gedən yol barədə ətraflı məlumatlar almaq üçün Mehrac müəllimlə əlaqə saxladıq.

 

-Mehrac müəllim, Elm və Təhsil Nazirliyi tərəfindən elmi fəaliyyətinizə görə mükafatlandırılan 300 tədqiqatçı arasında olduğunuz üçün sizi təbrik edir, fəaliyyətinizin daha da şaxəli və əhatəli olmasını arzu edirik.

 

150 elmi əsərin, 4 kitab və 16 müəlliflik şəhadətnaməsinin müəllifi, biologiya elmləri doktoru kimi uzun illərdir özünüzü inkişaf etdirmisiniz. Bu illər ərzində məqalələrinizin və kitablarınzın çapı üçün dövlət tərəfindən aylıq maliyyə dəstəyinin olmasını arzulamısınızmı? 

153810

 

-Səmimi təbrikinizə və diqqətinizə görə təşəkkür edirəm. Mükafatlandırılan Azərbaycanlı tədqiqatçıların siyahısında yer almaq və seçilmiş 300 tədqiqatçıdan biri olmaq mənim üçün böyük fəxrdir. Qeyd etmək istəyirəm ki, elm sahəsində tədqiqatçıların fəaliyyətinin stimullaşdırılması və differensial əmək haqqı sisteminə keçidlə bağlı islahatların başladılmasını ürəkdən dəstəkləyir, sevinir və bu işin ölkəmizdə elmin inkişafına ciddi təkan verəcəyinə əminliyimi ifadə edirəm. Sevindirici haldır ki, alimlərin fəaliyyətinin qiymətləndirilməsi olduqca obyektiv və dünyada tanınan elmmetrik bazaların mütəxəssisləri ilə birlikdə aparılır. Burada əsas amil kimi tədqiqatçıların bütün dünya tərəfindən qəbul olunan bazalarda indeksləşdirilmiş jurnallarda dərc etdirdikləri elmi məqalələrin və onlara edilən istinadlar sayı götürülür. Elmi məqalə və onlara edilən istinadlar bütün dünyada elmi işçilərin fəaliyyətini qiymətləndirmək üçün əsas meyar kimi qəbul olunur. Bu meyardan Azərbaycanda da istifadə edilməsi gələcəyə olan inam və ümidi artırır. Mənim rəhbərlik etdiyim şöbədə mükafatlandırılan tədqiqatçıların siyahısına 2024-cü ildə mən də daxil olmaqla 4 nəfər (biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Babayeva, biologiya üzrə fəlsəfə doktoru Orxan Mustafayev və İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov) düşüb. İnanıram ki, 2025-ci ildə bu siyahı daha da genişlənəcəkdir. Mən 21 ildir ki, elm sahəsində fəaliyyət göstərirəm və fəaliyyətim heç vaxt bu formada, aylıq olaraq qiymətləndirilməmişdir. Bir müddət dərc olunan məqalələrə görə AMEA-da 100 manat civarında birdəfəlik mükafat verilirdi, lakin mükafatın məbləğinin olduqca az olması və davamlı olaraq həyata keçirilməməsi səbəbindən bu təşəbbüsün təsiri əhəmiyyətli olmadı. Odur ki, mən də digər tədqiqatçılar kimi həmişə arzulayırdım ki, bizim də fəaliyyətimiz ədalətli qiymətləndirilsin və gələcək inkişafın davamlılığını təmin etsin. İnanıram ki, Elm və Təhsil Nazirliyində bu istiqamətdə islahatlar davam etdiriləcək, tədqiqatçıların mükafatlandırılması ilə yanaşı, elmi tədqiqatların dərinləşdirilməsinə və genişləndirilməsinə, eləcə də kitab və monoqrafiyaların dərci üçün də müxtəlif dəstəklər göstəriləcəkdir. 

 

-Hansı işinizdən sonra artıq uğura doğru irəlilədiyinizi hiss etdiniz? Uğur yolunuzdan bəhs edə bilərsinizmi?

153801

-Mən, 2003-cü ildə Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışam. Həmin ildə institutun əyani aspiranturasına qəbul olunmuş və biologiya elmləri doktoru, professor Ramiz Əliyevin elmi rəhbərliyi ilə tədqiqat işi aparmağa başlamışam. Əldə etdiyimiz ilk elmi nəticələri 2004-cü ildə Avstraliyada keçirilən beynəlxalq konfransda məruzə etmişəm, 2006-cı ildə isə İranda keçirilən beynəlxalq konfransda təqdim etdiyimiz məruzə konfransın qızıl medalına layiq görülmüşdür. Əldə edilən qızıl medal Genetik Ehtiyatlar İnstitutunun tarixində ilk qızıl medal kimi qeydə alınıb. 2007-ci ildə isə İtaliyada yerləşən Beynəlxalq Biomüxtəliflik Təşkilatı tərəfindən elan edilən dünyanın ən məşhur elmi proqramlarından biri olan “Vavilov Frankel əməkdaşlıq proqramı”-nın qalibi olmuş və proqram çərçivəsində 6 ay Avstraliyanın Adelaide Universitetinin Funksional Bitki Genom Mərkəzində və Avstraliya Elmlər Akademiyasının Bitkiçilik İnstitutunda elmi ezamiyyətdə olmuş, tədqiqat işi aparmış və genetika sahəsi üzrə ən müasir metodları mənimsəmişəm.

 

2008-ci ildə isə dissertasiya işimi tamamlamış və müdafiə edərək “Genetika” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm. Müdafiədən sonra beynəlxalq əməkdaşlıq üçün olduqca ciddi imkanlar yarandı. 2009-cu ildə Avropa Komissiyası tərəfindən elan olunan Erasmus Mundus pos-doktorantura proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının səyahət qrantının, Avropa Biokimyaçılar Federasiyasının gənc alimlər üçün elan etdiyi konfrans qrantının qalibi oldum və 2007-2008-ci illərdə əldə etdiyim elmi nailiyyətlərə görə AR Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər Mükafatı” ilə təltif olundum. 

 

2010-cu ildən sonra isə daha böyük proqramlarda iştirak etməyə qərar verdim və bir sıra qrant layihələrində iştirak etdim. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti tərəfindən elan olunmuş Nobel Mükafatı Laureati Norman Borlauq adına beynəlxalq aqrar elmlər və texnologiya əməkdaşlıq proqramının və Avropa Komissiyasının Marie Curie adına beynəlxalq tədqiqatçı mübadiləsi proqramının qalibi seçildim. Proqramlar çərçivəsində ABŞ və Fransada olduqca əhəmiyyətli tədqiqat işləri apardım, molekulyar genetika və genomika sahələri üzrə müasir metodları öyrəndim. Dünyanın beyin mərkəzlərində öyrəndiyim metodları əsas götürərək Genetik Ehtiyatlar İnstitutunda bir sıra müasir elmi laboratoriyaların yaradılmasında aktiv iştirak etdim.

 

2016-cı ildə isə dünyada və Azərbaycanda çox tanınan Amerika Birləşmiş Ştatlarının məşhur Fulbright proqramının qalibi oldum və Şimali Dakota Universitetinin Genomika şöbəsində tədqiqatlara qoşularaq bitkilərin genotipləşdirilməsi və tam genomun oxunması üzrə ən yeni metodları mənimsədim. 

 

Dünyanın tanınmış elmi mərkəzlərində və Genetik Ehtiyatlar İnstitutunda rəhbərlik etdiyim Molekulyar genetika və genomika şöbəsində apardığım tədqiqat işlərini yekunlaşdıraraq, 2409.01 –Genetika” ixtisasında “Buğda (Triticum L.), arpa (Hordeum L.) və onların yabanı əcdadlarının sekvens əsasında genotipləşdirilməsi və stress amillərə davamlılıq genlərinin skrininqi” mövzusunda  dissertasiya işini uğurla müdafiə etmiş və 2022-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görüldüm.

 

Biologiya elmləri doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi və təşkilati fəaliyyətimi böyük həvəslə davam etdirməyə çalışıram. 2023-cü ildə ADA Universiteti ilə İtaliyanın Boloniya Universitetinin birgə həyata keçirdiyi “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” üzrə sertifikat proqramını uğurla başa vurmuşam. Eyni zamanda, 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 3 modul üzrə keçirilən ali təhsil müəssisələrinin akkreditasiyası üzrə kursu bitirmişəm. 2024-cü ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Scopus” və “Web of Science” kimi nüfuzlu elmmetrik və bibliometrik bazalarını ölkəmizdə ekspert səviyyəsində tətbiq edə biləcək “TOP ADVISOR” mütəxəssis hazırlığı proqramında uğurla iştirak etmişəm.

 

Beynəlxalq qrant proqramları ilə yanaşı, yerli elmi layihələrin hazırlanmasında da iştirak edirəm. Azərbaycan Elm Fondunun müxtəlif qalib layihələrində iştirak etmişəm, 2024-cü ildə isə təqdim etdiyim layihə qalib kimi seçilmiş və hazırda layihə rəhbəri kimi əməkdaşlarımızla birlikdə olduqca ciddi elmi-tədqiqat layihəsini həyata keçiririk. 

 

2003-2025-ci illər ərzində apardığım tədqiqat işlərinə aid 3 kitab, 1 monoqrafiya, 150-dən artıq elmi əsər dərc olunmuşdur ki, onlardan da 50-yə yaxın elmi məqalə beynəlxalq jurnallarda yayımlanmışdır. Beynəlxalq elmi əsərlərimə 900-dən artıq istinad edilmiş və hazırda SCOPUS bazası üzrə 11 hirş indeksi ilə Azərbaycan alimləri arasında 124-cü yerdə, Genetik Ehtiyatlar İnstitutu üzrə isə birinci yerdəyəm.

 

Hazırda Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri və FD1.37 Dissertasiya şurasının sədri olaraq elmi və elmi-təşkilati fəaliyyətimi davam etdirirəm. 

 

-Heç olubmu ki, məhz maliyyə azlığı səbəbindən hansısa bir şansı əldən buraxasınız?

153806

 

-Ciddi elmi-tədqiqat işlərinin aparılması üçün maliyyə və beynəlxalq əməkdaşlıq olduqca vacib elementlərdir. Hesab edirəm ki, Azərbaycan elmində maliyyələşmənin mexanizmi köklü şəkildə dəyişdirilməli, inkişaf etmiş ölkələrin maliyyələşmə mexanizmləri əsasında yenidən qurulmalıdır. ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrdə hər bir laboratoriyanın və ya elmi şöbənin özünün büdcəsi var və laboratoriyanın bütün əməkdaşları həmin büdcənin formalaşmasında və xərclənməsində iştirak edirlər. Əgər maliyyələşmə sahəsində ciddi islahatlar aparılarsa, bu elmi işlərin keyfiyyətinin və çap olunan məqalələrin sayının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq və nəticədə elmi fəaliyyət sahəsinə görə də ölkəmiz dünya miqyasında öz layiqli yerini tuta biləcəkdir. 

 

Beynəlxalq əməkdaşlıq isə dünyanın ən reytinqli jurnallarına çıxmaq və dünyanın tanınmış qrant layihələrində iştirak etmək üçün müstəsna dərəcədə əhəmiyyətlidir. Əgər dünyanın top jurnallarında dərc olunan məqalələri təhlil etsək, görərik ki, Science və Nature kimi jurnallarda dərc olunan məqalələr beynəlxalq elmi əməkdaşlığın nəticəsində ərsəyə gəlmişdir. Bu baxımdan tədqiqatçıların beynəlxalq konfranslarda və proqramlarda iştirakı olduqca zəruridir. Mən də bütün tədqiqatçılar kimi daha çox beynəlxalq konfranslarda iştirak etməyi arzulayıram. 

 

-Alimlərə hər ay verilən 1000 AZN-dək mükafatı hansı sahədə xərcləməyi düşünürsünüz? Bu məbləğin fəaliyyətinizdə hansı rolu olacaq?

 

-Mən “A” kateqoriyasına daxil olan və ən yüksək mükafat alan tədqiqatçılar siyahısındayam və ayda 1000 manat əlavə maaş alıram. Mükafat həm bizi, həm də bütün gənc tədqiqatçıları daha dərin tədqiqat işləri aparmağa ruhlandırır, eləcə də müxtəlif elmi tədbirlərdə iştirakımız üçün yeni imkanlar yaradır. Əlbətdə ki, aldığımız mükafatdan istifadə edərək uzun illərdən bəri yığılmış şəxsi problemlərimizi də həll etməyə çalışırıq.

 

-Mehrac müəllim, siz həm də universitetlərdə tələbələrin elmi rəhbərisiniz. Gənclərin xüsusən magistrantların doktoranturaya marağını necə qiymətləndirirsiniz?  Sizcə, gənclər alim, tədqiqatçı olmaqda maraqlıdırlarmı?

153808

-Bu yaxınlarda Elm və Təhsil Naziri cənab Emin Əmrullayev çıxışlarından birində qeyd etdi ki, doktoranturaya qəbul olunan gənclərin cəmi 10%-i müdafiə edir. Bu ciddi bir siqnaldır və bu haqda dərindən düşünmək lazımdır. Qeyd etdiyim kimi mən 20 ildən artıqdır ki, elm və təhsil sahəsində işləyirəm, həm də dissertasiya şurasının sədri kimi çoxsaylı müdafiələrdə iştirak edirəm. Əminliklə demək istəyirəm ki, gənclərin elmi işlərini tamamlaya bilməməsinin əsas səbəblərindən biri elmi rəhbərliklə bağlı olan problemdir. Məlumdur ki, bir nəfər maksimum 5 nəfərə elmi rəhbər və ya elmi məsləhətçi ola bilər. Buna baxmayaraq, bu qayda uzun illərdir ki, pozulmaqdadır. Elə mütəxəssislər var ki, 20-yə yaxın doktorant və dissertanta rəhbərlik edir. Əslində 5 nəfərə də rəhbərlik etmək çox çətindir və fiziki olaraq bu işi yerinə yetirmək olduqca ağırdır. 10 və daha çox şəxsə isə rəhbərlik etmək qeyri-mümkündür və ona görə də gənclərin böyük əksəriyyəti düzgün istiqamətləndirilmədiyinə görə tədqiqatlarını yarımçıq qoyur. Bu istiqamətdə də köklü islahatların aparılması və elektron nəzarət siteminin yaradılmasına ehtiyac vardır. Digər mühüm səbəb isə, əlbəttə ki, yenə də maliyyə çətinlikləri (xüsusən də avadanlıq və reagent tələb olunan sahələrdə) bağlıdır. Yetərincə vəsaitin olmaması həm elmi-tədqiqatlara sərf olunan zamanın uzanmasına, bəzən isə işin keyfiyyətinin azalmasına səbəb olur.  Əgər bu məqamlara xüsusi diqqət ayıra bilsək doktoranturaya qəbul olanların çox hissəsi müdafiə edər və alimlik dərəcəsinə yiyələnə bilərlər. 

Mən də bir sıra ali təhsil və elmi müəssisələrdə doktorant və dissertantlara elmi rəhbərlik edirəm, onların müasir metodlarla tədqiqat işi aparmalarına kömək göstərməyə çalışıram, eləcə də bir sıra ali təhsil müəssisələrində genetika və ona yaxın olan fənnləri tədris edirəm. 2024-cü ildə isə ADA Universitetində, Azərbaycan Dövlət Pedoqoji Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və Naxçıvan Dövlət Universitetində “İqlim dəyişkənliyi və onun biomüxtəlifliyə təsiri”, “Biologiyada post-genom erası: nailiyyətlər və perspektivlər” mövzularında tələbələrə seminarlar vermiş və olduqca səmərəli müzakirələr aparmışıq. Həm apardığım dərslər zamanı, həm də seminarlarda müşahidə etmişəm ki, bizim olduqca savadlı və istedadlı gənclərimiz var və onlar elmi fəaliyyətlə məşğul olmaq istəyirlər. İnanıram ki, aparılan islahatlar nəticəsində biz qısa müddət ərzində  daha çox gənci elmi fəaliyyətə cəlb edə biləcəyik. 

 

-Biologiya elmi ilə bağlı hansı işləri görmək istəyirsiniz? Gələcək hədəfləriniz nələrdir?

153809

-Mən də bütün tədqiqatçılar kimi dünyanın əsas beyin mərkəzlərində aparılan tədqiqatları diqqətlə izləyir, tədqiqatlarımızı müasir tədqiqatlarla uzlaşdırmağa çalışır və beynəlxalq tədqiqatların bir hissəsi olmağa cəhd edirəm. Biologiya həyat elmlərinin mərkəzində dayanır və dünyada baş verən iqlim dəyişmələri fonunda bu sahədə aparılan tədqiqatlar böyük aktuallıq kəsb edir. COP-29 tədbirinin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bizim diqqətimiz iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri üzrə olan mövzulara daha çox diqqət ayırmağımıza səbəb oldu. Azərbaycana gələn minlərlə alimlə bu istiqamətdə müzakirələr apardıq və yeni tədqiqat istiqamətlərini müəyyənləşdirə bildik. Məlumdur ki, Azərbaycan iqlim dəyişmələrinə məruz qalan ölkələrdən biridir və 2050-ci ilə qədər burada temperatur 3.9 ºC qalxacaqdır. Bu baxımdan, Azərbaycanın zəngin biomüxtəlifliyinin toplanılması, onların abiotik və biotik stress amillərə davamlılığının öyrənilməsi, genom texnologiyalarından və sürətli seleksiya üsullarından istifadə etməklə yeni bitki sortlarının yaradılması böyük aktuallıq kəsb edir. Biz qeyd edilən istiqamətlərdə, eləcə də genomikanın yeni sahələri üzrə tədqiqat işi aparır və bu istiqamətdə aparıcı beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıq edirik. Biz gələcəkdə əsas kənd təsərrüfatı bitkilərinin genom müxtəlifliyinin tədqiqi üzrə elmi fəaliyyətimizi daha da dərinləşdirmək və metagenomika üzrə tədqiqatlara başlamaq niyyətindəyik. Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi və digər qurumlar elmin müasir istiqamətləri üzrə tədqiqat işləri aparmaq üçün müsabiqələr keçirərək bizim elmi fəaliyyətimizi dəstəkləyəcəklər.

Избранный
32
41
azedu.az

10Источники