RU

“Böyük manipulyator”

Mark Endeveld

(əvvəli qəzetin ötən saylarında) 

Bernard Arno 2012-ci ildə: “Biz ona kömək etməliyik!”

Avropanın ən qüdrətli milyarderi ilə bu yaxınlıq iddialı Makron üçün göydəndüşmə bir şansdır. Həm də Bernard Arno fransız mətbuatında çox nüfuzlu və ictimai fikirlərə böyük təsir göstərən iki gündəlik qəzetin – “Les Echos” və “Le Parisien” – sahibidir. Onun çox geniş siyasi şəbəkəsi var və bu şəbəkə həm sağçılardan, həm də solçulardan ibarətdir. Bernard Arno qrupunun baş direktoru Nikola Bazir 1993-1995-ci illər arasında, ovaxtkı Baş nazir Eduard Balladürün keçmiş kabinet direktoru olub, özü də Nikola Sarkozinin yaxın adamıdır. O, həm də əvvəllər Rotşild bankının idarə rəhbəri olub. Arvadının sayəsində yaxınlaşdığı LVMH lüks qrupu ilə işlədiyi məşhur Rotşild bankı arasında Makron özünü böyük biznesin sağçılardan ibarət olan şəbəkələrinin mərkəzində hiss edir. Bundan sonra gələcək prezident daha da ehtirasa gəlib, müxtəlif adamlarla görüşlərinin sayını artırır: Keçmiş iqtisadiyyat naziri, ATOS informatika qrupunun baş direktoru, Bernard Arnonun yaxın dostu Terri Breton, keçmiş nazir, indiki LVMH qrupunun administratoru Hübert Vedrin, LVMH qrupunun Nyu-Yorkdakı filialının direktoru Reno Dütrey, Dior firmasının (o da LVMH qrupuna aiddir) və Louis Vuitt on Fondunun administratoru Reno Donnediö dö Vabr və sairə.
Makron ətrafına görün kimləri yığıb – “qaymaqların qaymağını”. Dütrey ilə Donnediö Jan-Pier Raffaran və Dominik Villpənt Baş nazir olanda, onların nazirləri olublar. Hələ 90-cı illərdə hər ikisi o vaxt Fransua Leotardın sədr olduğu Respublika Partiyasının gənc ümidverən siyasətçiləri idilər. Düzdür, sonra bu siyasi hərəkət ilə bağlı məhkəmə işi qaldırıldı, çünki Respublika Partiyasının Fondo bankı tərəfi ndən maliyyələşdirilməsində nöqsanlar tapıldı. Bundan başqa, Fransua Leotard ilə Donnediö 1995-ci ildə Eduard Balladürün prezident kampaniyasının Pakistan və Səudiyyə Ərəbistanı ilə silah müqaviləsi bağlanışında əldə olunan vəsaitlə maliyyələşdirilməsində ittiham olundular.
2009 və 2011-ci illərdə Emmanuel Makron Rotşild bankının məsləhətçisi kimi Reno Donnediö dö Vabr ilə Parisin Konkord meydanındakı monumental Marin hotelinin yenidənqurma layihəsi üzərində işləyir. Bu layihənin müəllifi Aleksandr Allard adlı bir iş adamıdır. O, əvvəllər məşhur “Royal Monceau” hotelinin də yenidən qurulması ilə məşğul olmuşdu.Dövlətə gördüyü işlərin faydalı olduğunu sübut etmək üçün Allard, Mədəniyyət Nazirliyinə, investisiya bankiri Emmanuel Makrona və Yelisey sarayının keçmiş Baş katibi, Jak Şirakın qızı Klod Şirakın əri advokat Frederik Salat-Baruksa müraciət edir. Allard daha sonra mədəniyyət nazirinin vasitəsilə birbaşa Yelisey sarayının aktual Baş katibi Klod Jean ilə də görüşür. Ancaq bu cür sanballı adamlar tərəfi ndən dəstək almasına baxmayaraq, Jiskard d’Estanqın başçılıq etdiyi komissiya “Marin” hotelinin yenidənqurma layihəsini təsdiqləmir. 2014-cü ildə Makron iqtisadiyyat naziri təyin olunanda, Aleksandr Allard sevincini gizlətmir. Hətta “Paris Match” jurnalına verdiyi müsahibədə qeyd edir ki, “o vaxt Emmanuel Makron mənim Konkord meydanındakı “Marin” hoteli ilə bağlı layihəmi çox bəyənmişdi... demişdi ki, bu hotel yenidənqurma işlərindən sonra talant və yaradıcılıq vitrinası olacaq...”. Bu layihənin baş tutmamasına baxmayaraq, Makronla Reno Donnediö dö Vabr arasındakı əlaqələr pozulana oxşamır. Belə ki, 2017-ci ilin oktyabrında prezidentin Ərəb Əmirliyində yeni Luvr muzeyinin açılışı münasibəti ilə Abu-Dabiyə rəsmi səfərindən bir neçə gün əvvəl, Brijit Makron onu Yelisey sarayındakı kabinetində qəbul edir. Keçmiş fransız dili müəlliməsi unutmayıb ki, Ərəb Əmirliyində Luvr muzeyi yaratmaq layihəsini on il əvvəl mədəniyyət naziri olduğu zaman Reno Donnediö dö Vabr təklif eləmişdi.
Əri Emmanuel kimi adlı-sanlı, varlı, imtiyazlı adamları ətrafına toplamaq arzusu ilə alışıb yanan Brijit, bu dəfə bütün dünyada məşhur olan Louis Vuitt on firmasının prezidenti, milyarder Bernard Arnonun birinci arvadından olan qızı Delfi n Arno (Free Telekom şirkətinin prezidenti, milyarder Ksaviye Nielin həyat yoldaşı) ilə tanış olur və tezliklə onun yaxın 
rəfiqəsinə çevrilir. Onlar 2014-cü ilin avqustunda Los-Ancelesdəki bir restoranda nahar zamanı tanış olurlar və o gündən bu iki qadının arasından su keçmir. Lüks qrupu tərəfi ndən sponsorluq edilən gələcək prezident cütlüyü, indi ancaq Louis Vuitt on və Dior markalı paltarlar geyinir. Həmişə sağçılar partiyasına səs verən milyarder Bernard Arno bu dəfə Alan Jüppenin prezidentliyə namizədliyi ilə maraqlansa da, Emmanuel Makronun siyasi gələcəyinə müsbət baxır. Onun yaxın qohumlarından biri, riyaziyyatçı Sedrik ­Villani, ­hətta Makronun partiyası tərəfindən deputat ­seçiləcək.
2016-cı ildə Emmanuel ilə Brijit, demək olar ki, hər həftə, Bernard Arnonun evində şam edir. Milyarder siyasi prinsipləri haqqında mətbuatda çox açıqlamalar verməsə də, iki tur arasında “Les Echos” gündəlik qəzetinə verdiyi müsahibədə qeyd edir ki: “Mən tərəddüd etmədən Emmanuelə səs verəcəyəm...”. Bir il sonra LVMH firmasının patronu (Bernard Arno) gənc prezidenti dövlət səfəri çərçivəsində ABŞ-a müşayiət edir və orada hamının qarşısında bəyan edir ki: “Fransanın birinci xanımını geyindirmək onun üçün böyük şərəfdir...”. Onun həmkarlarından birinin dediyinə görə, milyarder Bernard Arno Brijit Makronla “çox yaxın” əlaqə saxlayır. Onun həyat yoldaşı, pianoçu Elen Mercier-Arnoda Brijitlə çox yaxın münasibətdədir. LVMH firmasının yüksək vəzifəli icraçılarından biri etiraf edir ki: “Bernard Arno Brijit ilə yaxın dostdur...amma onda Emmanuelə qarşı da dəhşətli bir ehtiras var...”. Milyarderin təbiətcə soyuq adam olması Fransada hamıya bəlli olduğundan, onun Makrona olan ehtirası çox qəribə səslənir... Əslində, onların münasibəti köhnədəndir: Bernard Arno Emmanuel Makronun siyasi ambisiyasını çox tez sezmişdi. 2012-ci ilin iyun ayında Fransua Holland Respublika prezidenti seçiləndən sonra varlıların illik qazancının 75 faizini vergilərə çıxmağı təklif edəndə, milyarder Bernard Arno Paris meriyasında çalışan keçmiş işçisi Kristof Jerarda belə deyir: “Nə sizin dostunuz Fransua Hollandın, nə də onun Baş naziri Jan-Mark Ayronun biznesdən,iqtisadiyyatdan başları çıxır. Amma mən onların komandasında olan Emmanuel Makron adlı cavan bir oğlan tanıyıram. Ona kömək etmək lazımdır...”.
Brijit onu Jak Attali ilə tanış edir
Parisdə Brijit Makron özünü cənnətdəki kimi hiss edir. Amien şəhərində çəkdiyi əzab-əziyyətlər artıq geridə qalıb. O vaxt onun Emmanuelə olan sevgisinə hamı lağ edirdi, o cümlədən də öz ailəsi onu ələ salırdı. Paytaxtda isə bu fransız dili müəllimi ancaq tanınmış mədəniyyət və incəsənət adamları ilə oturub-durur. Onların ümumi dostlarından biri zarafatla deyir ki: “Makronların ailəsində günlərini eyş-işrətlə keçirən, arvaddır...”. Brijitin peşəkar fəaliyyəti və şəxsi əyləncələri tək özünə aid deyil, həm də ərinin ətrafına nüfuzlu və lazımlı adamlar yığmaqdır. Belə ki, müəllim işlədiyi Franklin liseyində o, başqa bir nüfuzlu geniş əlaqələri olan bir valideynlə də tanış olur. Bu kim olsa, yaxşıdır? Nikola Sarkozinin dostu, gəncliyində özü də bu liseydə təhsil alan, katolik vəkil Fransua Süro!.. Fərdi azadlığın və miqrantların müdafiəçisi kimi tanınan bu adam Makron prezident seçiləndən sonra müdafiə məsələlərində onun yaxın müşaviri olacaq...
Parisə köçən gündən Emmanuel ilə arvadı ətraflarına imtiyazlı və nüfuzlu, eləcə də geniş əlaqələri olan adamlar toplamaqla məşğuldurlar. Etiraf etmək lazımdır ki, onların tapdığı şəbəkələr, hörümçək toru kimi çoxşaxəlidir. Bu cütlüyün oturub-durduğu adamların arasında qüdrətli Serj Veynberq (Sanofi şirkətinin patronu), eləcə də biznes işləri ilə məşğul olan məşhur vəkil Jan-Mişel Darrua və onun həyat yoldaşı, fotoqraf Bettina Rems da var. Veynberq kimi Darrua da Emmanuel Makronun “xaç atalarından” biridir. Vaxtilə Makronu Rotşild bankında işləməyə o düzəltmişdi. Pas-dö-Kala departamentində yerləşən, Paris, Amiyen və Lil şəhərlərinin burjua təbəqələrinin istirahət etdiyi dənizkənarı lüks Tüket kurortunda istirahət edən zaman, Brijit orada tanınmış “Image 7” rabitə agentliyinin direktoru Anna Meo ilə də tanış olmuşdu. (Bu sonuncu 2017-ci ildə Fransua Fiyyonu dəstəkləyəcək) Onların əlaqəsi heç vaxt qırılmayacaq.

(ardı var)

Избранный
3
50
xalqqazeti.az

10Источники