RU

Son həftədə iki “jest”: İranla münasibətlər hansı istiqamətə gedir...

Mübariz Göyüşlü: “Azərbaycanla münasibətləri normal saxlamasa, baş verənlərdən ən çox əziyyət çəkən elə İran olacaq”
 
İran son həftədə Azərbaycanla bağlı iki müsbət addım atdı. İrandakı səfirliyimizə hücum edən terrorçu Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmü qərarını təsdiqlədi. İranın xüsusilə azərbaycanlı tələbə Fərid Səfərlinin azadlığa buraxılmasından dərhal sonra bu addımı atması diqqət çəkir. Həmçinin Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının iclasında “Şimal-Cənub” dəhlizinin tamamlanmasının sürətləndirməsi ilə bağlı  razılıq da əldə olunub.
 
Bununla belə, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
 
Azərbaycan XİN-in yaydığı məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.
 
Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
 
Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
 
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.
 
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
 
 
hhf.jpg (152 KB)
 
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı Musavat.com-un suallarını cavablayıb: “Azərbaycanla İran qonşu dövlətlərdir. Münasibətlərin normal olması bizə lazım olduğu qədər İrana da lazımlıdır. Cənub qonşumuzda bu həqiqəti başa düşən və qəbul edən kifayət qədər şəxs var. Lakin təəssüf ki, onlar İran dövlətinin siyasətinə təsir göstərib, onu daha düzgün istiqamətə yönləndirə bilmirlər. İstər səfirliyimizə qarşı terror törədən şəxsin edam olunma qərarının təsdiqlənməsini, istərsə də həbs edilmiş tələbənin azadlığa buraxılmasını müsbət qiymətləndirirəm.
 
Bu məsələlərdə gerçəkləşdirilən addımların münasibətlərə əlbəttə ki təsir etməsi mümkündür. Bizim İranla münasibətlərdə qərəzli hansısa niyyət və davranışmız yoxdur. Hər zaman sədaqətli qonşuluq prinsipindən çıxış etmişik. Zatən Azərbaycanın dövlət başçısı da öz çıxışında səfirliyimizə qarşı terror törədən şəxsin məsələsini xüsusi vurğuladı. Bu, dövlətimizin sözügedən məsələdə nə dərəcədə qətiyyətli olduğunu göstərir. Əgər ədalətli addım atılarsa, iki dövlət arasında münasibətlərdə son dərəcədə istiləşmə ola bilər”.
 
Analitik əlavə edib ki, Şimal-Cənub dəhlizi, o cümlədən digər iqtisadi-ticarət layihələrinin mövcudluğu iki ölkə arasında münasibətlərə müsbət təsir edə bilər:  “Biz bu cür mövzulara köklənməliyik. Təəssüf ki, İrandakı bir sıra radikal qüvvələr Azərbaycanın bu xoşməramlı təşəbbüslərini, qarşılıqlı sivil münasibətlərin qurulması üçün çalışmaların gerçəkləşdirilməsini düzgün anlaya və dəyərləndirə bilmirlər. Nəticədə gərginliklər baş verir. İran dövləti və onun idarəediciləri indiki ağır beynəlxalq şəraitdə, beynəlxalq birliyin təzyiqlərinin artdığı bir şəraitdə Azərbaycanla münasibətləri normal saxlamağa, daha sivil məcrada inkişaf etdirməyə çalışmalıdır. Əks təqdirdə baş verənlərdən ən çox əziyyət çəkən elə İran özü olacaq”.
 
Избранный
14
moderator.az

1Источники