“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Oyunun ağır və dramatik keçəcəyini təxmin edirdik. Qış fasiləsindən sonra “Neftçi”nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi ki, ağır oyun olacaq. Ümumi götürəndə, komandamın çıxışından razı qaldım. Oyunçular yaxşı, əzmkar, istədiyim futbolu mənə qaytarmağı çalışırdılar. Qələbə qazandıq. Komandamı təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Elmar Baxşıyev əvvəlki üç turda qeydə alınmış məğlubiyyətlərin komandasında psixoloji cəhətdən təzyiq yaratmadığını bildirib:
“İdman mediası bizi “qara zolağ”a salmağa çalışırdı. Bu zolaq yoxdur. Nə mən, nə də komandam təzyiq altındadır. Futbolda udmaq necə əhəmiyyətlidirsə, məğlubiyyəti də gözləməlisən. Komanda olaraq uğurlu nəticəyə köklənirdik”.
Samir Abasov: “Tam gücümüzü kuboka verəcəyik”
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“İlk yarıdakı çıxışımızdan tamamilə narazı qaldım. Təəssüf ki, sönük oyun getdi. Birinci hissədə qapıya zərbə vura bilmədik. Bu da narazı qaldığımız məqamlardır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı, epizodlar da oldu, amma qollar olmadı. Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisə dəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliklərə qalmışdı. İmkan olsaydı, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma çözməkdə çətinlik çəkirik. Transfer pəncərəsinin bağlanmasına qədər vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyişərik. Kubok oyunumuz var. Bizim üçün çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq.
Biz də istəyərdik ki, futbolçularımız istəkli olsunlar. Amma bu istək “Neftçi” ilə oyunda bütün rəqiblərdə, rəqib futbolçuların hamısında var. Keçən oyunda fikirləşdim ki, “Sabah” bizimlə matçda istəkli idi, pis oynamadı. Düşündüm ki, “Sumqayıt”a qarşı da belə olacaq, qalib gələcəklər. Amma birinci hissə başlayanda görürsən ki, sənə qarşı oynayan rəqib deyil sanki. Bu, dəfələrlə olub. Keçən dəfə “Kəpəz”in özü… Biz onları 2:1 udduq, amma epizodlar qaçırdılar.. Yenə “Sumqayıt” deyəcəyəm. Amma deməliyəm, onlarla görüşdə 0:0 oynadılar. Ürfanın istəyi, digər komandaların futbolçularında da var. Bu da “Neftçi” amilindən irəli gələn məsələdir. İstəyərdim komandamda bu cür şeylər olsun. İşimiz də elə odur ki, bu cür komanda yaradaq”.