RU

AYNA-nın sədri yeni layihələri açıqladı - yollar, metro stansiyaları inşa ediləcək, tramvay xəttləri çəkiləcə

Xəbər verdiyimiz kimi, Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. 

Müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib:

- Vətəndaşların mobilliyə olan tələbatının ödənilməsi üçün bütün nəqliyyat vasitələrinin birlikdə fəaliyyətini nəzərə alan yekdil planın hazırlanmasına zərurət var idi. Sizin göstərişinizlə bu istiqamətdə işlər aparıldı və əvvəlcə şəhərə daxil olan bütün axınlar qiymətləndirildi. Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır. Buradan çıxış edərək vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlandı və onun istiqamətlərini diqqətinizə məruzə edirəm. Burada iki əsas istiqamət var. Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilmişdir. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın.

Möhtərəm cənab Prezident, istərdim 20 Yanvar layihəsi haqqında əlavə məlumatı burada təqdim edim. Bu, kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır.

İkinci istiqamət isə kütləvi daşımalar istiqamətidir. Belə ki, yollar tikildikdən sonra da bütün bu daşımaları təkcə avtobusların yerinə yetirməsi mümkün deyil. Çünki tələbat çox yüksəkdir və həm də kütləvi daşıyıcıların xidmətlərinin genişləndirilməsi çox vacibdir. Burada metronun inkişaf ssenariləri təhlil olunmuşdur və ən optimal ssenari simulyasiya edilərək seçilmişdir. Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya “Bənövşəyi xətt”in Babək prospektinə qədər və “Yaşıl xətt”in isə metronun “Həzi Aslanov” stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, “Bənövşəyi xətt”in uzadılması, eyni zamanda, metronun “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsini genişləndirəcək və bir daha “20 Yanvar” metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

“Həzi Aslanov”dan “Yaşıl xətt”in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir.

Lakin bundan başqa, şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulmuşdur. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınmışdır. Bunlar “Zabrat 2”-“Maştağa”-“Bağlar”-“Albalı”, Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcəkdir. Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin.

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin.

Möhtərəm cənab Prezident, bütün bu işlərin görülməsi ilə paralel olaraq avtobus parkı da genişləndiriləcəkdir. Bakı şəhərinə 2800 avtobus lazımdır. Avtobus parklarının sayı da artırılacaqdır. Çünki avtobusların işi də dəyişməlidir. Belə ki, kütləvi daşıyıcılar daşımaları təmin etməlidirlər. Diqqətinizə görə minnətdaram.

Избранный
23
50
marja.az

10Источники