RU

Arno Nordin “Monpelye”ni “Maynts”a dəyişdi

Futbol üzrə Fransa millisinin və “Monpelye” klubunun sağ vingeri Arno Nordin bundan sonra “Maynts”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi bu transferi 1 milyon avroya rəsmiləşdirib. 26 yaşlı fransalı futbolçu “Maynts”la müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Arno Nordin peşəkar karyerasına “Sent Etyen”də başlayıb. “Nansi”də də oynamış vinger 2022-ci ildən “Monpelye”nin uğurları üçün çalışırdı. O, Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 75 oyunda 19 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Nordin bu ölkənin Olimpiya millisinin də formasını geyinib.

“Maynts” “Haydenhaym”ın dayaq yarımmüdafiəçisi Lennard Malounini də heyətinə qatıb. 25 yaşlı futbolçunun transferi üçün 500 min avrosundan keçən Bundesliqa təmsilçisi onunla da 2028-ci ilin 30 iyununadək anlaşıb.

Lennard Malouni Almaniyada dünyaya göz açıb, bu ölkənin müxtəlif klublarında futbolun sirlərinə yiyələnib. Peşəkar karyerasına “Union Berlin”də başlamış futbolçu “Kemnitser”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib. 2022-ci ildən “Haydenhaym”da forma geyinən yarımmüdafiəçi bu klubun əsas komandasında meydana çıxdığı 85 oyunda 2 qol və 2 assistlə yadda qalıb.

Almaniyanın U-18 və U-19 yığmalarında oynamış Malouni sonralar Amerika Birləşmiş Ştatlarının (ABŞ) U-20 və əsas yığmalarında oynayıb. Amma ABŞ millisində cəmi 2 oyuna çıxmış futbolçuya sonralar ehtiyac duyulmayıb.

Malouni ilə vidalaşan “Haydenhaym” daha iki futbolçusu ilə yollarını ayırıb. Danimarkalı hücumçu Mikkel Kaufmann (24 yaş) “Karlsrue”yə icarəyə verilib. O, cari mövsümün sonunadək icarədə olacaq. Almaniyalı hücumçu Denis Tomalla (32 yaş) isə AEL-ə (Kipr) keçib. O, azad agent kimi qoşulduğu yeni klubunda 2026-cı ilin 31 mayına kimi forma geyinəcək.

Избранный
7
10
arena.az

10Источники