RU

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

Aşağı karbonlu enerji keçidinə qlobal investisiya ötən il ilk dəfə 2 trilyon dolları ötüb.  

Valyuta.Az xəbər verir ki, bu barədə "BloombergNEF" tərəfindən yayımlanan hesabatda bildirilib.

Önəmi... 

Dünyanın müxtəlif ölkələri "Paris Sazişi" çərçivəsində iqlim hədəflərinə çatmaq üçün daha təmiz enerji mənbələri və infrastrukturun inkişafına sərmayə yatırır. Lakin bir çox mütəxəssis bu prosesin kifayət qədər sürətli getmədiyini bildirir.  

Qlobal istiləşmənin qarşısını almaq və əsrin ortalarına qədər sıfır emissiya hədəfinə çatmaq üçün 2025-2030-cu illər ərzində hər il orta hesabla 5,6 trilyon dollar investisiya tələb olunur. Hesabata əsasən, hazırkı investisiya səviyyəsi bu tələb olunan məbləğin cəmi 37%-ni təşkil edir.  

Rəqəmlər...

Hesabata görə, ötən il aşağı karbonlu enerji keçidinə qoyulan investisiya 11% artaraq rekord 2,1 trilyon dollara çatıb. Bu artım əsasən bərpa olunan enerji, enerji şəbəkələri, elektrik nəqliyyatı və enerji saxlama sahələrinə yatırılan investisiyalar hesabına baş verib.  

Bununla belə, investisiya artımının tempi əvvəlki üç illə müqayisədə daha zəif olub. Belə ki, 2020-2022-ci illərdə bu göstərici illik 24-29% arasında dəyişirdi.  

Ən böyük investisiya bazarı Çin olub. Burada yatırılan sərmayə 818 milyard dollara çataraq 2023-cü illə müqayisədə 20% artım göstərib.  

Kontekst...

ABŞ prezidenti Donald Tramp ötən həftə vəzifəsinə qayıtdıqdan sonra atdığı ilk addımlardan biri "Paris Sazişi"ndən çıxmaq olub. Bu addım ABŞ-nin beynəlxalq iqlim maliyyələşdirməsini zəiflədəcək və qlobal istiləşmənin sürətlənməsi riskini artıracaq.  

"Qlobal sıfır emissiya hədəflərinə çatmaq üçün sənaye sektorunun dekarbonizasiyası, hidrogen texnologiyaları və karbon tutma kimi sahələrdə daha çox iş görülməlidir", – "BloombergNEF"in baş icraçı direktor müavini Albert Çunq bildirib.  

Rəhim

Избранный
4
valyuta.az

1Источники