Ötən günlərdə bakalavr təhsilini bitirmiş tələbələrin hansı səbəblərlə magistratura təhsilini başqa universitetlərdə davam etdirməyi seçdiklərini araşdırdıq.
Maraqlıdır, tələbələr hansı səbəblərə görə digər universitetlərdə magistr təhsilini davam etdirmək qərarına gəlirlər? Ümumiyyətlə Azərbaycan universitetlərində verilən magistratura təhsili ürəkaçandırmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimlinin sözlərinə görə, səbəblərdən biri tələbələrin bakalavrda təhsil aldıqları universitetin verdiyi tədrisdən qane olmaması ilə bağlıdır:
"Tələbələr öz sahələrində ən yaxşı təhsil verən universitetləri seçməyə üstünlük verirlər. Həmçinin, beynəlxalq reytinqlərdə yüksək mövqelərə sahib universitetlərin təhsilini almaq da önəmlidir. Çünki belə universitetlərin məzunları xaricdə təhsil almaq və işləmək istədikdə daha böyük üstünlük əldə edirlər. Bir digər vacib məsələ isə, tələbələrin ixtisaslarının beynəlxalq akkreditasiyasına olan marağıdır. Beynəlxalq sertifikat və diplom verən universitetlərə üstünlük verən tələbələr, həmin universitetləri seçirlər.
Azərbaycanda magistratura təhsilinin keyfiyyətinə gəlincə, Vüsal Kərimli bu təhsil səviyyəsinin tam qənaətbəxş olmadığını vurğulayır:
"Universitetlərə təhsil proqramlarını hazırlamaq və təqdim etmək üçün daha çox azadlıq verilməlidir. Bu zaman isə təhsilin keyfiyyəti artacaq və rəqabətlilik yaranacaq. Həmçinin, əmək bazarının tələbləri də nəzərə alınmalı və bu tələblər əsasında təhsil proqramları tərtib olunmalıdır. Lakin bu məsələlərin həlli çox uzun müddət tələb edir".