RU

Blogerlər sayəsində uğurlu başlayıb qısa müddətdə “batan” bizneslər

Orxan Salmanov

İnk academy təsisçisi, marketoloq

Yeni açılan, elə başlayan kimi diqqət çəkən bəzi bizneslərin qısa müddətdə bağlananlarını çox görürük. Həmin biznesləri daha çox məşhur blogerlər reklam edirlər, o cür tanıyırıq. Müəyyən qədər müştəri də cəlb edirlər, amma yenə də bazardan tez itirlər.

Əslində, bizneslərin bazarda uzun müddət qala və uğurlu ola bilməmələrinin bir çox səbəbi var. İstər marketinq, istər insan resursları, istərsə də maliyyə tərəfindən verilən səhv qərarlar yeni yaranmış və özünü doğrultmamış biznesin qapısına kilid vurulmasına gətirib çıxara bilir.

Kiçik müştəri sayı ilə testlər etməli, sonra…

Amma biz daha spesifik olan bloger reklamları ilə tanınan bizneslərdən danışırıqsa, burada durum fərqlidir. Adətən, bu bizneslərin uğursuz olmasının iki əsas səbəbi olur. Birincisi, bu bizneslər rəqiblərdən fərqli xüsusi təklif vermirlər. Bazara daxil olan yeni biznes həmişə güclü rəqiblərdən geri qalır. Çünki onlar artıq tanınır və müştəri onlara güvənir. Siz yeni başladıqda isə bu, belə olmur. Rəqiblərinizdən daha yaxşı, daha faydalı və daha arzulanan təklif verməyə çalışmalısınız.

İkincisi, adətən, yeni yaranan bizneslərin xidmət və proseslərində problem olur. Çünki biznes qurularkən bəzi detallar gözdən qaça bilir. Belə halda biznes yeni başlayanda, kiçik müştəri sayı ilə testlər etməli, sonra bu müştəri sayının artım prosesində də test aparmalıdır. Hər artım planlı olmalı və arxa fonda bütün biznes bu artımı qəbul edə bilməlidir. Təzə başlayan biznes bunları nəzərə almadan influnserlə əməkdaşlıq edir və böyük alıcı qüvvəni məmnun yola sala bilmirsə, bu, o deməkdir ki, yenidən müştəri qazanmaq məsələsi çox çətinləşir. Təsəvvür edin ki, başqa marka haqqında tövsiyələr və müsbət fikirlər eşidilir. Sizin müştəriləriniz olmuş şəxslər isə sizin haqqında şikayətləri öz ətrafları ilə paylaşırlar. Bu halda çox təbii olaraq sizin biznesin yeni müştəri əldə etməsi çətinləşir.

O influnser iki ay sonra başqa mağazanımı tövsiyə etdi?

Dayanıqlı biznes qurmaq prosesi biznesi anlamaqdan başlayır. Siz bir neçə tərəfi məmnun etməlisiniz. Əgər müştərilərinizi, podratçı şirkəti və əməkdaşlarınızı məmnun etmək alınmırsa, işiniz çətin olacaq. Bütün proseslərdə verdiyiniz qərarlar çox əhəmiyyətlidir. Məsələn, hardasa qənaət üçün peşəkar kadrla yox, təcrübəsiz əməkdaşla çalışmağı seçsəniz, bu sizə ciddi zərər vura bilər.

İnflunserlərin izləyicilərinin sizin müştəriniz olub, sonra satışlarınızın azalması isə sizin daxili problemlərinizin mövcudluğunu ortaya çıxarır. Belə ki, siz influnserlə əməkdaşlıq etdiniz və ondan təsir alan kütlə sizin müştəriniz oldu, amma davamlı satışınız aşağı düşürsə, deməli, o müştərilər sizə loyal olmayıb. Bəs siz loyal qalmalarını nəzərə almışdınız? Onların şikayətlərini həll edə bildiniz? Müştəri məmnuniyyətiniz neçə faiz oldu? O influnser iki ay sonra başqa mağazanımı tövsiyə etdi?

İnflunserə xərclənən büdcə marketinq büdcəsinin bir parçasıdır. Əgər siz əsas kanal olaraq buna üstünlük verirsinizsə, çox incə qərarlar almalısınız. Hansı influnserlə əməkdaşlıq etməkdən tutmuş, hansı ayda əməkdaşlıq etmək kimi detallar önəmli rol kəsb edir. Həmçinin, bu influnserdən gələn müştərilərin sadiqliyi sizə nə qədər önəmlidirsə, influnserin də sadiqliyi bir o qədər önəmlidir.

6 il də davamlı zərərə işləsəniz…

Həmçinin, məşhur şəxslə əməkdaşlıqdan sonra bu proses davamlı olmursa, bunun vasitəsilə sizi tanıyan insanların qarşısına başqa cür çıxmağa başlamalısınız. Xüsusən rəqəmsal marketinq buna imkan verir ki, siz detallı hədəfləmə ilə daha düzgün insanlara reklam göstərəsiniz. Bunun üçün isə peşəkar əməkdaşlara ehtiyacınız olacaq.

Əsas məsələ biznesə başlayarkən strategiyanızın və planınızın olması və düzgün tətbiq etmənizdir. Əgər sizin marketinq, biznes, maliyyə kimi sahələrdə təcrübəniz yoxdursa, etdiyiniz yatırımı konsultasiyalar ilə qoruyun. Bir insan resursları mütəxəssisi ilə əməkdaşlıq edib sizə peşəkar kadrlar seçməkdə dəstək olmasına qarşılıq müəyyən məbləğ ödəyin, vergidən cərimələnməmək üçün peşəkar mühasiblə çalışın.

Bizneslər ilk aylarda əsasən zərərlə çalışır. Bunun üçün də biznes qurarkən yatırımınızda buna uyğun büdcə ayrımını nəzərə alın. İlk 6 aylıq prosesdən sonra işlər daha çox qaydasına düşür. Amma bu 6 ay sadəcə müddət olmamalıdır. Siz biznesin bütün dərinliklərini, bazarı, rəqibləri və müştərinizi çox yaxşı tanımalısınız. Əks halda 6 ay yox, 6 il də davamlı zərərə işləməniz sizin müştərini sizi seçməsinə gətirib çıxarmayacaq.

Bloger seçimində isə indiki dövrdə çox diqqətlə yanaşmaq lazımdır. Biz seçim edərkən əksəriyyətində saxta izləyicilərin olduğunu, şirkətlərə saxta statistikalar təqdim edildiyini, ödənişdən sonra şirkətlərin yola verildiyini müşahidə edirik.

Избранный
2
17
valyuta.az

10Источники