RU

"Şəhid yadigarı": "Oğlum atasını heç görməsə də, onun barəsində qürurla danışır" - MÜSAHİBƏ

“Kəmalə, mənə nə isə olsa, oğluma adımı verərsən. Bu səndən sonuncu xahişimdir”,- deyən “Vətən Müharibəsi Qəhrəmanı” Şahin Allahyarovuçoxlarımız elə həmin videosundan tanıyır.

 

Vəfatından sonra oğluna adı qoyulan qəhrəmanımızdan Vətənə 2 övladı – Aksana və Şahin yadigar qalıb.

 

Vətən Müharibəsi Qəhrəmanı”, kəşfiyyatçı Baş gizirin həyat yoldaşı Kəmalə Allahverdiyeva övladlarına parlaq gələcək bəxş etmək üçün təhsil alır.

 

AzEdu.az Təhsil Portalı olaraq “Şəhid yadigarı” ilə həmsöhbət olduq.

 

Müsahibimiz Azərbaycan Universitetində mühasibat ixtisası üzrə II kurs tələbəsidir. O, kollecdə oxuduqdan sonra subbakalavr kimi universitetə daxil olub.

 

Müsahibəni təqdim edirik.

 

- Kəmalə xanım, kolleci bitirdikdən sonra universitet oxumaq qərarına necə gəldiniz?

 

- Mən kollecdən mühasibat ixtisası üzrə məzun olmuşam. Karyera qurmaq üçün kollec təhsilinin kifayət etmədiyini görüb ali təhsil almağa qərar verdim. Əslində, həmişə idarəetmə sahəsində təhsil almaq istəmişəm, amma qismət elə gətirdi ki, bu planım baş tutmadı. Gələcəkdə magistratura təhsili alacağım halda, mütləq idarəetmə ixtisasını seçəcəyəm.

 

- Magistraturanı Azərbaycanda yoxsa, ölkə xaricində davam etdirməyi düşünürsünüz?

 

- Uşaqlar azyaşlı olduğu üçün onları qoyub heç bir yerə gedə bilmirəm. Amma gələcəkdə fürsət yaransa, xarici ölkədə oxumaq, dünyagörüşümü, dil biliyimi artırmaq üçün başqa bir ölkədə oxumaq istəyərəm.

 

-Uğurlar arzu edirəm sizə. Ümid edirəm hər şey istədiyiniz kimi olar.

 

Qarşılıqlı təşəkkür etdikdən sonra...

 

- Siz Şahin bəylə necə tanış olmusunuz? Ailələrmi tanış edib, yoxsa özünüz əvvəldənmi bir-birinizi tanıyırdınız?

154152

- Biz həyat yoldaşımla eyni kənddə - Qubanın Zizik kəndində böyüyüb, eyni məktəbdə oxumuşuq. O məndən 2 sinif böyük idi. Uşaqlıq illərində onunla münasibətimiz olmayıb. Mənə qarşı hisslərini duymamışam. Amma o sevgisini etiraf etdikdən, mənlə ailə qurmaq istədiyini bildirdikdən sonra deyirdi ki, uşaqlıqdan bəri mənə hörmət edib, qorumağa çalışırmış.

 

Qismət elə gətirdi ki, bizim yollarımız sonradan Şahinlə kəsişdi. Onunla 4 il evliliyimiz olsa da, həmin illərdə çox xoşbəxt idim. Nə yaxşı ki, Şahinlə yollarımız kəsişib. Bu gün də fəxr edirəm ki, o cür qəhrəmanla ailə həyatı qurmuşam. Şahin tanıya biləcəyim ən mükəmməl insan idi. O, ancaq 1 il yarım qızımızı - Aksananı görə bildi. Ona baxmayaraq övladına o qədər böyük qayğı göstərirdi ki... Öz atamla olan münasibətimdən sonra görüb, görə biləcəyim ən gözəl atanın Şahin olduğunu düşünürəm.

 

Oğlum Şahin atasının üzünü heç görməyib. Amma bu gün ondan atası haqqında nə isə soruşsanız, o, qürurla, sevinclə onun barəsində danışacaq.

 

- Atası şəhid olanda qızınızın 2 yaşı var idi. Bəs o necə, atası barədə danışır? Sizə suallar verir?

154151

- Aksana ötən ilə qədər mənə atası barədə çox suallar verirdi. Çalışırdım ki, o, atasının simasını unutmasın. Çünki mənə ətrafdan deyirdilər ki, atasını görəndə onun yaşı az idi, tezliklə unudacaq və s. Məhz Şahini unutdurmayım deyə ona ara-sıra atası ilə olan videoları, şəkilləri göstərirdim. Amma o ağlayırdı...Bəzən kiminsə yanında atasını görəndə o da ata istəyir...

 

Bizim belə yaşımız çox olsa da, varlığına öyrəşdiyimiz adamın yoxluğunu qəbul edə bilmirik, istəyirik ki, yanımızda olsun. Qızım da istəyirdi ki, atasıyla qucaqlaşsın, istəklərini bildirsin...

154156

Nə vaxt qızım atasını soruşsa, oturub ona izah edirdim. “Qızım atan çox gözəl bir yerdədir, o yanınıza gələ bilməsə də, sizi görür. Atanı görmək istəyəndə, ondan ötrü darıxanda öz ürəyinə bax, atanı orada görəcəksən. Atanı nə qədər ki, qəlbində yaşatsan, o da həmişə bizimlə olacaq”, - deyirdim.  

 

İndi ona dediklərimi o da, qardaşına öyrədir.

 

- Oğlunuza atasının adını “Şahin” vermisiniz. Bəs o doğulmadan öncə hansısa bir ad fikirləşmişdiniz?

 

-Bəli, müharibə vaxtı Şahinlə aramızda ad seçmək barədə müzakirələr edirdik. Həmişə deyirdik ki, oğlumuza elə ad verək ki, bizi tamamlasın. Hərdən o deyirdi ki,oğluma komandirimin adını qoyarıq. O, çox mərd, şərəfli insandır.

 

Mən də Atilla, Cavidan, Timuçin kimi adlar seçmişdim, amma bu adlarda da ortaq qərara gələ bilmirdik. Deyirdi ki, daha yaxşı adlar seçərik, hələ vaxta var.

 

Müharibə bitdi, Şahin şəhid oldu. Bir gün oturub seçdiyim adları fikirləşəndə, anladım ki, istədiyim adların hər biri döyüşçülərə məxsus olub.

 

O Baş gizir olduğu üçün hərbidə olurdu. Hələ müharibə başlamazdan bir neçə ay öncə mənə mesaj yazdı. “Kəmalə, səndən xahiş edirəm. Əgər bir gün mənə nə isə olsa, onda oğlumuza mənim adımı qoyarsan”. Bu mesajdan sonra ona dedim ki, “Nə olub ki, müharibə yox, bir şey yox. Niyə belə danışırsan?"

154150

Müharibə başladığı gün o bir video çəkmişdi. Hansı ki, bu gün hamı Şahini o videoyla tanıyır. 4 dəqiqə boyunca halallıq istəyir, vəsiyət edir, ürək sözlərini və adını oğluna qoymağımı istəyir. Döyüş vaxtları danışanda isə Zəfər adını bəyəndiyini deyirdi. Bildirirdim ki, sən sağ-salamat qayıt, gəl istədiyin adı verərsən oğluna.

 

- Övladınız nə zaman dünyaya gəlib?

 

154155

- Şahin şəhid olduqdan 1 ay 20 gün sonra kiçik Şahin doğuldu.

 

- Həm hamilə idiniz, həm azyaşlı övladınız var idi, həm də ən yaxınınızdan birini itirmişdiniz. Neçə müddət sonra toparlana bildiniz?

 

- Mən övladıma görə yaşamağa, nəfəs almağa çalışırdım. Məhz Şahinin gerçəkləşməyən arzularını reallaşdırmaq üçün ayaqda durmağa məcburam. Amma yoldaşım şəhid olduğu vaxtlarda heç cür toparlana bilmirdim. 1 il nə geyim, nə də əhval-ruhiyyə olaraq qaradan çıxmamışam. Baxmayaraq ki, həmin il kollecə qəbul olmuşdum. Aprel ayında imtahanlarımız olurdu. Körpə uşağı qoyub, imtahana hazırlaşırdım. Əslində, fikirləşirəm ki, o heç hazırlaşmaq da deyildi... Gözümün yaşı qurumurdu. Amma qarşıma məqsəd qoymuşdum. İki övladım üçün təhsil almaqdan başqa yolum yox idi.

 

O günlər o qədər ağır idi ki, sadəcə nəfəs alırdım...

 

- Çətindir, həm övlad böyütmək, həm onların gələcəyi üçün təhsil almaq, karyera qurmaq, həm də toparlanmağa çalışmaq... Bəs ən sonuncu dəfə nə zaman Şahin bəylə əlaqə saxlaya bildiniz? Onun sizə son sözü nə idi?

 

- Şahin oktyabrın 28-i şəhid olub. Mən isə sonuncu olduğunu bilmədən oktyabrın 23-ü danışmışam onunla. Şahin oktyabrın 23-ü anadan olub. Elə həmin gün hamımız ona zəng edib, doğum gününü təbrik etdik. Amma gecə təkcə məni yığdı, çox uzun danışdıq. Sonuncu dəfə danışdığımızı bilsəydim, səsini yazardım...

 

Elə həmin vaxtdan sonra günlərlə ondan səs-soraq çıxmadı. Şahin mənə söz vermişdi ki, geri qayıdacaq. Ona görə çox arxayın idim. Düşünə bilmirdim ki, o şəhid ola bilər.

 

Danışanda çox darıxdığını deyirdi. Günlərlə ac-susuz qalırdılar, fiziki və mənəvi yorğun idilər. Şahinin ən yaxın dostları, onlara rəhbərlik edən kapitan şəhid olmuşdu. Şahin onun şəhid olma xəbərini duyub, özünə gələ bilmirdi. Hələ onda oktyabrın 21-i idi.

 

Şəhid olmamışdan bir neçə saat əvvəl döyüş yoldaşına deyibmiş ki, ailəmdən ötrü çox darıxmışam, onların yanına getmək istəyirəm.

154154

O, qəlpə yarasından daxili qanaxma nəticəsində şəhid oldu.

 

- Adamın boğazı düyümlənir...

 

Onun şəhid olma xəbərini necə duydunuz?

 

- Şahinlə əlaqə saxlaya bilmədiyimiz vaxtlarda fikirləşirdim ki, yəqin yeni ərazilərə keçirlər, ona görə də set tutmur. Çox sıxılırdım, yerə-göyə sığmırdım. Qaynanamgildən evimizə gəlmişdim. Bizim evlərimiz arasında məsafə qısa idi. Elə həmin gün qardaşıma zəng gəldi ki, Şahin yaralanıb, rayona gətirirlər. Kənddəkilərin çoxu onun şəhid olduğunu bilsə də, bizə xəbər etməmişdilər.

 

Şahinlə danışanda demişdi ki, məndən səs-soraq çıxmasa narahat olma, “İşimiz gec bitsə, bir qədər sonra gələrəm. Uşağın doğulmağına az qalıb, sən get lazım olan əşyaları al”.

 

Onun tapşırığını yerinə yetirmək üçün gedib oğlumuza lazım olan geyimləri, ədyalları aldım. Sevinə-sevinə evə gəldim ki, Şahin gələndə övladımızı bu geyimlərlə xəstəxanadan çıxaracağıq...

 

Axşam o xəbər qardaşıma veriləndə tələm-tələsik qaynanamgilə getdik, amma mənə hələ heç nə deməmişdilər. Evin önündə o qədər insan var idi ki... Onları görüb özümü yerə çırpdım. Tək istəyim o idi ki, mənə izah etsinlər, ki, nə olub? Bu qədər insan niyə toplaşıb?

 

Şahinin nəşini 1 gün sonra gətirdilər, dəfn olundu... Amma mən hələ də onun ölümünü qəbul etmirdim. Deyirdim ki, səhvlik olub, halbuki onun şəklini mənə göstərmişdilər. Üzündə yara yox idi, tanınmaz halda deyildi... Deyirdim ki, ola bilməz. Dəfn etdiyimiz adam Şahinin oxşarıdır. O mənə söz verib axı, getdiyi kimi qayıdacaqdı. Necə inana bilərdim ki...

 

- Kim olsa inanmaz... Sonralar onun şəhid olduğu yerə gedə bildiniz?

 

- 2 il bundan öncə Şuşaya getmişəm, amma onun şəhid olduğu yüksəklikdə olmamışam. Oranı görməyi çox istəyirdim, amma o vaxt alınmadı. Yüksəkliyin bəzi yerlərində minalar var idi.

 

Şuşaya gedəndə qəlbim sıxılırdı... Şuşada yalınayaq qayalara dırmanıb, Zəfər qazanmışıq. Nə qədər igid oğlumuzu şəhid vermişik. Oranın vahiməsi mənə çox pis təsir etmişdi.

 

Şəhidlərə nə qədər təşəkkür etsək azdır. Bizim avtomobillə saatlarla çıxdığımız dağlara onlar heçnəsiz dırmaşıblar...

 

- Elədir, Şuşa həm qürurlu, həm də hüzünlü şəhərdir... Bəs yuxunuza necə, gəlirmi? Söhbət edib, sizə həmdəm olurmu?

 

- Şəhid olduğu il yuxuma tez-tez gəlirdi. 1 ili tamam olana qədər ona “Öldü” sözünü yaraşdırmırdım. Məzarını ziyarətə gedəndə, baxırdım, fikrə gedirdim, Şahinin o qara, buz kimi torpağın altında olduğunu qəbul edə bilmirdim. Həmin vaxtlar gəlib yuxuda mənə təsəlli verirdi, izah edirdi ki, “Mən sağam, sənin yanındayam”.

 

Kövrəldiyim vaxtların birində yoldaşımın qohumu bir yuxu görmüşdü. Yuxuda mən məzarın yanında ağlayıram, Şahin isə məzarın başında durub mənə baxıb, “Mən heç yerə getməmişəm, sənin yanındayam. Mən fəsillərin dəyişməsini, yağışın, qarın yağmasını, yarpaqların tökülməsini - hər bir şeyi görürəm”,- deyirmiş.

 

Səhəri gün yuxunu görən qohum mənə bunu mesaj kimi yazıb göndərdi ki, “Kəmalə, gecə bu yuxunu görmüşəm. Oyanıb o qədər ağlamışam ki...”.

 

Ondan sonra dəfələrlə özüm də yuxuda Şahini gördüm, hətta universitetə qəbul olunanda da. 

 

Çox şəhid ailələrində belədir. Xüsusi günlərdə - ad günləri, bayramlarda, ya da hansısa xoş hadisənin olacağı gün şəhidimiz yuxumuza gəlir, müjdə verir. Deməyə çalışır ki, mən səninləyəm...

Избранный
6
39
azedu.az

10Источники