Bakı şəhərində yollarda sıxlığın azaldılması məqsədilə yeni avtomobil yolları tikiləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.
Sənəddə ictimai nəqliyyat xidmətlərinin növ və funksionallığının yüksəldilməsi ilə bu xidmətlərə tələbatın artırılmasına nail olmaq, beləliklə şəhər yollarında tıxacların və hərəkət sıxlığının minimuma endirilməsi və şəhərin müxtəlif məntəqələrinə 20 dəqiqə ərzində asan və rahat şəkildə çatma imkanının təmin olunması əsas hədəflərdən biri kimi qeyd olunub.
Bu məqsədlə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi, Mehdiabad−Baksol−Ziya Bünyadov prospektində yeni avtomobil yolunun və həmin yolu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi nəzərdə tutulub.
Dövlət Proqramında eyni zamanda Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin və Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikilərək istismara veriləcəyi qeyd edilib.