AZ

Rusiya bazasına yaxın ərazilərdə Əsəd tör-töküntülərinin silahlı üsyanı başlanır...

Image

Akif Nağı: "Güman edirəm ki, qısa müddətdən sonra Əhməd əl-Şaraa hakimiyyətdən uzaqlaşdırılacaq"

Hmeymim və Tartusda Rusiya bazalari hələ də qalmaqdadır. Bununla yanaşı, hələ də Əsədin ordu birləşmələri Aralıq dənizi sahillərində, Livanla sərhəddə, o cümlədən də Rusiya bazaları ətrafında müqavimət göstərirlər. Günbəgün bu müqavimət güclənir, artıq yenidən vətəndaş müharibəsi başlayıb. 

Bu qüvvələr Rusiyadan, yoxsa Livandan Hizbullah tərəfindən idarə edilir? Aralıq dənizi sahillərindən Suriyanın yeni hakimiyyətinə qarşı nə hazırlanır və bu işin içində kimlər ola bilər?

Baki-xeber.com saytının sualına cavabında politoloq Akif Nağı bildirdi ki, bu yaxınlarda orada Əsədin tərəfdarlarının olduğu ortaya çıxdı: "Həmin ərazidə yürüşlər, etiraz aksiyaları keçirirlər. Əvvəllər də belə proqnozlar var idi ki, Suriyada sabitliyə nail olmaq mümkün deyil. Hamı nicat yolunu güclü hakimiyyətdə görürdü. 60-cı illərə qədər Suriyada vahid hakimiyyət yox idi, ölkə üç yerə parçalanmışdı. Üç yarımcan qurum var idi. SSRİ-nin dəstəyi ilə Hafiz Əsəd sosialist yönümlü bir hakimiyyət qurdu. Sonradan usə bunu ailə hakimiyyətinə çevirdi. Suriya üçün bu hakimiyyətin mənfiləri həddən ziyadə çox idi. Amma bir müsbət cəhət var idi ki, bütun qüvvələr Hafiz Əsədin rəhbərliyi altında birləşdilər. Yəni uduş bütövlik idi. İndi yenidən Suriya ötən əsrin 60-cı illərinə qayıdır. Yəni indi yeni bir diktator lazımdırmı? Fikrimcə, Suriyada bütün qüvvələrin kvotası olan bir hakimiyyət qurmaq lazımdır.  Hər struktura bir qüvvə rəhbərlik etsin və vaxtaşırı onlar rotasiya qaydasında dəyişsin. Livanda və İraqda olan modellərdən istifadə edilə bilər.

Amma proseslər ona döğru getmir, müxtəlif cərəyanlar, o cümlədən də Bəşər Əsəd qüvvələri buna razılaşmır və silahlı qarşıdurma güclənir. Bəşər Əsəd də Rusiya və İranın əlnidə bir alətdir. İndi də həmin ölkələr bu alətdən axıra qədər istifadə etməyə çalışırlar.

Rusiya orada hansısa siyasi qüvvələri nəzarətdə saxlamaq istəyir ki, onun vasitəsi ilə hadisələrin gedişinə təsir göstərə bilsin, ən azı bazalarını orada saxlaya bilsin.

Artıq açıqlamalar da var ki, Rusiyanın Suriyadakı bazalarına təhlükələr var. Rusiya nəyin bahasına olursa-olsun Suriyada qalmağa çalısır.

Suriyada vəziyyətin dəyişməsi bir neçə qüvvənin, o cümlədən də Rusiya və ABŞ arasında razılaşma əsasında həyata keçirildi. Rusiya yəqin ki, bu prosesdə müəyyən şərtlər qoyub. Bu şərtlərin kökündə yəqin ki, Rusiyanin Suriyada qalması durur. Bu aktivləşmənin də səbəbi elə Rusiyanın fəaliyyətidir. Hizbullahın Suriyada bu cür fəaliyyəti inandırıcı deyil. Lakin İsrailin bölgədə güclənməsi İrani Hizbullahı bu ərazidə möhkəmləndirmək fikrinə sövq edir.

İsrailin Colan təpələrində möhkəmlənməsində Amerika ilə Türkiyənin fikirləri haçalanır. Ankara İsrailin Colan təpələrində ərazilərini genişləndirməsini istəmir. Burada Türkiyənin mövqeyi İranla üst-üstə düşür. Ona görə də müxtəlif silahlı birləşmələr arasında toqquşma davam edir.

Yəni aktivləsən qüvvələri Rusiya, qismən də İran idarə edir. Bu çox təhlükəli tendensiyadan xəbər verir. Çünki onlar geri cəkilmək fikrində deyil, perspektivdə sərt qarşıdurma gözlənilir.

Xüsusilə də orada bu gün proseslərə nəzarət edən kimi görünən Əhməd əl-Şaraa anti-İran, antişiə açıqlamalarla çıxış edir. Bu açıqlamalar da vəziyyətin normallaşmasına təhlükə yaradır. Yeni hakimiyyət Suriyanın birliyini istəyirsə qarşıdurmadan daha çox  birləşməyə yönəlməlidirlər. Amma Əhməd əl-Şaraa Qərb, Turkiyə və Rusiyaya qarşı loyaldır, amma İrana və şiəliyyə qarşı çox sərt şəkildə çıxır. Bu ciddi problemlər yarada bilər. Əhməd əl-Şaraa Suriyanin birliyini istəyirsə kompromislərə getməlidir, hamı ilə dil tapmağı bacarmalıdır. Əhməd əl-Şaraa əslində maraqlı qüvvələr tərəfindən yoxlama fiquru kimi ortaya atılıb. Açıqlamaları da əsasən Qərbin mövqeini ifadə edir. Onun mövqeyi sələfi-vahhabi hərbi-siyasi mövqeyindən fərqlənmir. Güman edirəm ki, qısa müddətdən sonra Əhməd əl-Şaraa hakimiyyətdən uzaqlaşdırılacaq. Amma yerinə kimin gələcəyini indidən demək çətindir.

Sonda nəticə olaraq bildirək ki, aktivləşdirilən qüvvələr Rusıya və qisnən də İran tərəfindən idarə edilir. Amma onların uğur qazanma ehtimalı çox azdır. Onların Suriyada hər hansi bir rejim yaratmaq imkanları yoxdur, başqalarının da bunu yaratmasına mane olurlar".

Dəniz NƏSİRLİ





Seçilən
114
50
baki-xeber.com

9Mənbələr