AZ

Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

Image

Azər Həsrət: "Rusiya dövlətində, ümumiyyətlə, belə kampaniyaları birbaşa dövlət idarə edir"

Son günlər Rusiyada ayrı-ayrı adamlar, ictimai simalar media vasitəsilə Azərbaycana qarşı xoşagəlməz fikirlər səsləndirirlər. Bunların Rusiya hakimiyyət dairələrinə yaxın şəxslər olduğu gizlin deyil və belə şəxslərin xalqımızı təhqir etməsi halları mövcuddur. 

Antiazərbaycan və təhqir kampaniyasının da  Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə olunması faktdır.

Azərbaycana qarşı media, sosial şəbəkə kampaniyalarının  Federal Təhlükəsizlik Xidməti üzərindən aparılmasının nə anlamı var? Niyə bunu FTX üzərindən aparırlar, bu işi niyə ona həvalə ediblər? Səbəb nədir?

"FTX bu kampaniyaları təşkil edir, Rusiya dövlətinin iradəsi belə tələb edir, ona görə də onlar belə davranırlar"

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a  "Federal Təhlükəsizlik Xidməti üzərindən belə çirkin kampaniyaların təşkili ilk dəfə deyil, ona görə də təəccüblü görsənmir. Çünki Rusiya dövlətində, ümumiyyətlə, belə kampaniyaları birbaşa dövlət idarə edir. Təbiidir ki, dövlət də məhz Federal Təhlükəsizlik Xidməti kimi ayrı-ayrı qurumların vasitəsilə elə kampaniyalar aparır. Bu indi niyə baş verir? Ona görə ki, birincisi, Azərbaycan təyyarəsini Rusiya vurub, bu danılmaz faktdır. Bu fakta görə Rusiya Prezidenti Azərbaycandan üzr istəyib. İkinci bir tərəfdən də, bu hadisəni törədiblər, ört-basdır etməyə də cəhd göstəriblər. Faktiki olaraq, bu cəhdləri alınmayıb. Fakt qarşısında qalıblar. İndi Azərbaycana və dünyaya cavab vermək məcburiyyətindədirlər. Ona görə də bizi azdırmaq, ictimai rəyi çaşdırmaq üçün kampaniyalar aparıblar. Təəssüflər olsun ki, kampaniya aparanlar da Rusiya dövlətinin konkret bir orqanıdır,   onun vasitəsilə bu kampaniya təşkil olunur. 

Yəni burada, əslinə qalandar, “niyə” sualı Rusiya üçün yerinə də düşmür. Ona görə ki, Rusiya dövləti elə məhz belə idarə olunur, hərəkət edir. Ola bilərdi ki, başqa hansısa normal dövlətdən danışarkən sual verə bilərdik və orda bir az təəccüblü görünə bilərdi. Amma Rusiya üçün bu təəccüblü məsələ deyil, Rusiyanın mahiyyəti həmişə belə olub. Yəni media, ictimai rəy, ümumiyyətlə hər şey Rusiyada dövlətin nəzarətində və idarəetməsindədir. Rusiya bu gün, özəlliklə də Ukraynaya etdiyi təcavüzdən sonrakı mərhələdə azad sözü, azad medianı büsbütün boğub"-deyə bildirdi.

A.Həsrət bildirdi ki, fərqli düşünən, fərqli danışan adamların, demək olar, böyük əksəriyyəti ölkəni tərk edib başqa-başqa ölkələrdə yerləşib sözlərini deməyə cəhd edirlər. "Ölkə içində qalanlar isə ümumiyyətlə danışmırlar, danışan olanda da onlara qarşı dərhal vətənə, dövlətə qarşı çıxmaq ittifamları ilə mübarizə aparılır. Təbiidir ki, səsləri kəsilir. Ona görə də heç kəs təəccüblənməsin ki, FTX bu kampaniyaları təşkil edir. Rusiya dövlətinin iradəsi belə tələb edir, ona görə də onlar belə davranırlar. Bu bizi narahat etmir, çəkindirmir, qorxutmur. Bizim üstümüzə həmişə gəliblər, həmişə də veriləcək cavabımız olub. Bu dəfə də cavabımız var, təbii ki, cavabımızı veririk də. Bundan savayı, təyyarənin "qara qutu"larının məzmunu rəsmi şəkildə açıqlananda hələ verəcək cavablarımız var. İndi ortalıqda dolaşan "qara qutu"nun məzmunu kimi ictimai rəyə sırınananlar isə FTX, Rusiyanın digər qurumlarının uydurmalarından başqa bir şey deyil. Bunu ictimai rəyi aldatmaq, yanlış istiqamətə çəkmək üçün edirlər" - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA






Seçilən
35
50
baki-xeber.com

10Mənbələr