Axır ki Simeone “Barselona”nı səfərdə məğlub edə bildi! Onun “sükan arxasına” keçdiyi 2011-ci ildən bəri “Atletiko” kataloniyalılara onların meydanında qalib gəlməmişdi. Ədalət naminə deyək ki, bu oyunda “Atletiko” qələbə qazanmadı, “Barselona” uduzdu. De Paul cavab qolunu vurarkən Kasadonun uşaq səhvindən yararlandı. Hərçənd uşaq futbol məktəblərində də öyrədirlər ki, üzü qapıya olanda topu dabanla mərkəzə çıxarmaq olmaz. 6-cı uzatma dəqiqəsindəki əks-hücuma gəlincə, onda “göy-qırmızılar” bütün heyətlə hücuma atılmışdı. Flikin komandası qol vəziyyətlərinə daha rasional yanaşsaydı, ən azı iki top fərqi ilə qələbə qazanmalıydı. Təkcə elə Rafinya 2-3 yüzfaizlik qol imkanını əldən verdi. Hələ başqalarını demirik. Oblakın da sayəsində dözən Simeonenin komandası sonda bu mövsüm Avropada hamıdan yaxşı bacardığını etdi: sonradan meydana çıxan futbolçu, özü də 90-cı dəqiqədən sonra fərqləndi. Bu nəticə “Atletiko”nun çempionluq uğrunda mübarizəsinə müsbət impuls verəcəkmi? “Barsa”nın ambisiyalarına zərbə vuracaqmı? Yanvarın ortalarında bunu biləcəyik. İndi fasilə kataloniyalılara çox lazımdı.
“Real” “Barselona”nı turnir cədvəlində arxada qoymaq şansını əldən vermədi. “Sevilya” madridlilərə mane ola biləcək səviyyədə deyil. Meydan sahiblərinə Vinisiusun yoxluğu da əngəl olmadı. Artıq 10-cu dəqiqədə Mbappe cərimə meydançası xaricindən zərbə ilə hesabı açdı. Tezliklə Valverde də uzaq məsafədən dəqiq zərbə vurdu. Qonaqlar “ağ şimşəklər”in hücumda əl-qol açmasına şərait yaratmışdı. Bu üzdən “Real”ın 34-cü dəqiqədəki qolu da gözlənilməz olmadı. Bu dəfə Vaskesin asmasını tamamlayan Rodriqo fərqləndi. Bundan sonra arxayınlaşan “Real” dərhal cəzalandı. Romero yaxın məsafədən Kurtuanın qapısına yol tapdı. “Sevilya” 2-ci hissənin əvvəlində intriqanı bərpa edə bilərdi. Sadəcə, Kurtuanın ötürmə səhvindən sonra topa yiyələnən Romero topu düz onun üstünə vurdu. Cavabında Dias fərqi darmadağın həddinə çatdırdı – o, Mbappenin ötürməsindən sonra fərqləndi. Son yarım saatda alqışlar altında meydana Xesus Navas çıxdı. 39 yaşlı veteran “Sevilya”da və karyerasında son oyununu keçirdi. Məhz onun daban ötürməsindən sonra Romero topu uzaq dirəyə vurdu. Meydan sahiblərinin heyətində isə Mbappe imkanları sağa-sola xərcləyirdi. Hər halda, bu oyunda daha bir qol vuruldu. Lukebakio “Sevilya”nın əks-hücumunu yaxın küncə güclü zərbə ilə bitirdi. 2-ci pilləyə qalxan “Real” lider “Atletiko”dan cəmi 1 xal geri qalır.
Pamplonada – “Osasuna” ilə oyunda əzmkar qələbə qazanan “Atletik” də “Barsa”ya yaxınlaşmaqdadı. Səfərdə “Selta”ya uduzan “Real Sosyedad” “avrokubok zonası”ndan bir qədər də uzaq düşdü. Ada komandaları – “Malyorka” və “Las Palmas” minimal hesablı qələbə qazandı. Balearlılar Madriddə “Xetafe”nin öhdəsindən gəldi, Kanar adalarının təmsilçisi isə evdə “Espanyol”un müqavimətini qırdı. “Vilyarreal” səfərdə “Leqanes”i darmadağın etdi. Düzdü, meydan sahiblərinin 58 və 77-ci dəqiqələrdə qırmızı vərəqə ilə cəzalandığını da vurğulamalıyıq.
“Jirona” – “Valyadolid” oyununda da darmadağın qeydə alındı. Kataloniyalılar aşkar autsayderə heç bir şans vermədi. “Valensiya” “Alaves”lə ev oyununda çətinliklə məğlubiyyətdən qaçdı, “Betis” – “Rayo Valyekano” oyunu məhsuldar “sülh”lə bitdi.
18-ci tur
Barselona – Atletiko 1:2
Pedri, 30 – De Paul, 60. Sörlot, 90+6. (46249)
Barselona: Penya, Balde, Martines, Kubarsi, Kunde, Kasado (E.Qarsiya, 80), Pedri, F.Lopes (Olmo, 64), Qavi (Torres, 64), Rafinya, Levandovski.
Atletiko: Oblak, Qalan, Lanqle, Ximenes (Vitsel, 52), M.Lyorente (Le Norman, 73), Qallaher (Koke, 62), Barrios, De Paul, Simeone (Molina, 62), Qrizmann (Sörlot, 73), Alvares.
RealSevilya 4:2
Mbappe, 10. Valverde, 20. Rodriqo, 34. Dias, 53Romero, 35. Lukebakio, 85. (75227)
Real: Kurtua, Kamavinqa, Rüdiger, Çuameni, Vaskes, Sebalyos (Gülər, 71), Valverde, Dias, Bellingem (Asensio, 77), Rodriqo (Modriç, 71), Mbappe.
Jirona – Valyadolid 3:0
D.Lavid, 31. Ruis, 39. Qruneveld, 81. (9534)
Xetafe – Malyorka 0:1
Larin, 53-p. (9747)
Selta – Real Sosyedad 2:0
Düran, 40; 45+1. (22956)
OsasunaAtletik 1:2
Torro, 25Quruseta, 31. Berenger, 74. (22030)
ValensiyaAlaves 2:2
Rioxa, 70-p. D.Qomes, 90+8Martin, 7. Xordan, 88-p. (37586)
LeqanesVilyarreal 2:5
Sisse, 6. Raba, 33Barri, 16; 45+2-p.; 65. Moreno, 90+2-p. Kabanes, 90+8. (11034)
Las PalmasEspanyol 1:0
Ramires, 67. (23743)
BetisRayo Valyekano 1:1
İsko, 37-p. – Palason, 51. (53121)
1. Atletiko 18 12 5 1 33-12 41
2. Real 18 12 4 2 41-18 40
3. Barselona 19 12 2 5 51-22 38
4. Atletik 19 10 6 3 29-17 36
5. Vilyarreal 18 8 6 4 34-30 30
6. Malyorka 19 9 3 7 19-21 30
7. Real Sosyedad 18 7 4 7 16-13 25
8. Jirona 18 7 4 7 26-25 25
9. Betis 18 6 7 5 21-22 25
10. Osasuna 18 6 7 5 23-27 25
11. Selta 18 7 3 8 27-28 24
12. Rayo Valyekano 18 5 7 6 20-21 22
12. Las Palmas 18 6 4 8 23-27 22
13. Sevilya 18 6 4 8 20-27 22
15. Leqanes 18 4 6 8 17-28 18
16. Alaves 18 4 5 9 21-30 17
17. Xetafe 18 3 7 8 11-15 16
18. Espanyol 18 4 3 11 16-30 15
19. Valensiya 17 2 6 9 16-26 12
20. Valyadolid 18 3 3 12 12-37 12
Bombardirlər: Levandovski (Barselona) – 16, Rafinya (Barselona) - 11, Budimir (Osasuna), Mbappe (Real) – 10.
Növbəti turun oyunları gələn il yanvarın 10-13-ü aralığında keçiriləcək: Rayo Valyekano – Selta, Alaves – Jirona, Valyadolid – Betis, Espanyol – Leqanes, Sevilya – Valensiya, Las Palmas – Xetafe, Atletiko – Osasuna, Real Sosyedad – Vilyarreal.
19-cu turun “Atletik” – “Real” (2:1), “Malyorka” – “Barselona” (1:5) oyunları dekabrın 3-4-də keçirilib.
Turun rəqəmi
24 – “Atletiko” 2006-cı ilin fevralından bəri ilk dəfə “Barselona”nı səfərdə məğlub etdi. “Blauqrana”nın seriyası 24 oyuna bərabər idi. “Barsa” həmçinin İspaniya çempionatında ev məğlubiyyətləri seriyası ilə bağlı klub antirekordunu təkrarladı. Komanda 1965 və 1987-ci illərdə də ardıcıl üç ev oyununda uduzmuşdu. Xatırladaq ki, “Barsa” “Atletiko”ya qədər “Las Palmas” (1:2) və “Leqanes” (0:1) ilə oyunlarda da məğlub olub.
Turun ulduzu
Yan Oblak (Atletiko) – sloveniyalı kiper komandasının çempion olduğu mövsümdəki obrazını xatırlatdı. İlk yarıda “Atletiko”nun müdafiə xətti etibarlı oynasa da, fasilədən sonra, xüsusən də sona yaxın Oblak təkbaşına heç-heçəni qorudu. Oyunboyu 6 seyv edən qapıçını Sörlot qələbə topu ilə “mükafatlandırdı”.
Turun sitatı
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Parlaq oyun keçirdik. Oyunçularımla qürur duyuram, ancaq nəticəyə görə çox məyusam. “Atletiko” şansını gözləyirdi. Bu çox acı məğlubiyyətdi. Ancaq oyunumuz məni heyran etdi”.
Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Gizlədə bilmərəm, nəticədən razıyam. Komanda əziyyət çəkdi. “Barselona” çox yaxşı oynayır, daim hücum edir. Bu gün müdafiə planında, xüsusən də Oblakın sayəsində bizim üçün möhtəşəm gecə idi. İkinci hissədə daha açıq oyun getdi. Rəqib çoxlu təhlükəli vəziyyət yaratdı. Çox hücum edəndə oyununda intizam pozula bilər. “Atletiko” dözüm göstərdi, əks-hücumdan yararlanıb qeyri-adi qol vurdu. Sörlotun qolu şedevr idi. Bizim ən güclü tərəfimiz komanda olmaqdı. Sonradan meydana çıxan oyunçular həqiqətən fərq yaradır. Məşqçinin istədiyi də budu”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“İli əla bitirdik. Biz də məhz elə bunu istəyitdik. Hücum oyunçuları özünü yaxşı göstərdi. Baxmayaraq ki, bu gün Vinisius kimi vacib oyunçumuz yox idi. Müdafiədən hücuma da yaxşı çıxırdıq”.
Faktlar
* “Atletiko”nun bütün turnirləri əhatə edən qələbə seriyası 12 oyuna çatdı. “Hindular” çempionatda 7, ölkə kubokunda 2, Çempionlar Liqasında ardıcıl 3 qələbə qazanıb.
* Simeonenin rəhbərlik etdiyi “Atletiko” “Barsa”ya qarşı keçirdiyi 37 oyunun 6-da qələbə qazanıb, 11-də heç-heçə edib, 20-də uduzub.