AZ

“Sülh müqaviləsi təxirə salınıb...” - “O silahlar gələcəkdə təhlükə yaradacaq”

Azərbaycan Prezidenti İlham Əliyev yerli televizya kanallarına verdiyi geniş müsahibəsində Ermənistanla mümkün sülh müqaviləsi haqda danışıb, Qərbin prosesdə neqativ təsirlərinə toxunub və Azərbaycanın şərtlərini açıqlayıb.

Politoloq Fərhad Məmmədov dövlət başçsının mövqeyini şərh edərək 2025-ci il üçün Ermənistanla münasibətlərin əsas tendensiyalarını qeyd edib. Onun sözlərinə görə, Prezident müsahibədə regional proseslər kontekstində Ermənistanla münasibətlər mövzusunun üzərində dayanıb.

Politoloq sülh müqaviləsi ilə bağlı Azərbaycanın şərtlərinin ötən ilin sonunda ifadə olunduğunu xatırladıb:

“Burada ilk növbədə danışıqların ancaq ikitərəfli formatda aparılması qeyd olunmalıdır. Həmçinin bunlar;

- birbaşa mətndə üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq qurumlarda qarşılıqlı iddialardan imtina etmək üçün qarşılıqlı öhdəliklərdir;

- Sülh prosesinə gəlincə, bu, sülh müqaviləsi imzalanana qədər ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına düzəlişlərin edilməsi deməkdir.

Prezident İlham Əliyev bu şərtlərin təfərrüatı üzərində dayanmadı və qeyd etdi ki, mövqe dəyişməyəcək və vəziyyəti dəyişə biləcək heç bir kənar qüvvə yoxdur. Nəticə etibarı ilə bizdə Azərbaycanın yanaşma çərçivəsi var: “...Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, deməli, bizə də lazım deyil. Biz bunu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik”.

Fərhad Məmmədov vurğulayır ki, Prezidentin çıxışında Ermənistanın demilitarizasiyasına geniş yer verilir: “Bu da fövqəladə vəziyyətin göstəricisidir. Eyni şəkildə Prezident İlham Əliyev Fransanın prosesə neqativ təsiri barədə xəbərdarlıq etdi və il yarımdan sonra Fransa prezidenti ilə danışıqların təfərrüatlarını açıqladı. Xatırladım ki, Makron Qarabağda olmayanı tanımaqla hədələmişdi. Bu o deməkdir ki, bu mövzuda da tələlər var... Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar:

Qərbdə çoxları deyir ki, Azərbaycanın Ermənistanın demilitarzasiyası tələbi qeyri-adekvatdır. Qeyd olunur ki, Ermənistan suveren dövlətdir və silah almaq hüququna malikdir. Bəli, bu doğrudur... Amma Ermənistanın yaradılması ideologiyası bu ölkənin qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, azərbaycanlılardan təmizlənmiş ölkənin nasist prinsipində yatır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, sabah nə olacaq?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. İndi gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq”.

Ekspert bildirir ki, Azərbaycan Prezidenti dünya geosiyasətində baş verən dəyişiklikləri vurğuladı və Ermənistanın hərbiləşdirilməsi kontekstində yeni çalarlara toxundu. Onun sözlərinə görə, Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunub, indi isə Fransa, Hindistan, İran və ABŞ-a istiqamətlənir. Sabah Ermənistandan bu dövlətlər tərəfindən Azərbaycana qarşı istifadə edilməyəcəyinə təminat haradadır?!

F.Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. O, xatırladır ki, Paşinyan bu fərqin daha çox olduğu 2019-cu ildə Qarabağda qışqırırdı.

Politoloq onu da bildirib ki. Ermənistan Azərbaycanın Avropa İttifaqı (Aİ) və Fransa ilə münasibətlərində mövzuya çevrilib: ”Bu bir reallıqdır, çünki Aİ və Fransa bu istiqamətdə hər cür səy göstərib. Üstəlik, bu iştirak Qarabağa görə idi və Bakı Fransanın BMT Təhlükəsizlik Şurasında və Qranada bəyanatında göstərdiyi səyləri unutmadı. Prinsipcə, biz Aİ-yə xəbərdarlıq etmişdik ki, belə bir siyasət uğursuzluğa gətirib çıxaracaq və vəziyyəti daha da çətinləşdirəcək. Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandıran mövzulardan biridir və prezident bunu xüsusi vurğuladı. Belə görünür ki, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq qərarına gəlsə, müəyyən mərhələdə Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır. Azərbaycan Prezidenti şərti sərhəddə durbinlə şəkil çəkdirən dövlət başçıları ilə bağlı ifadələrdən yayınmadı...”

Sərhədlərin dəqiqləşdirilməsi barədə danışan ekspert bildirib ki, hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib.

“Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır”, - o vurğulayıb.

F.Məmmədov qeyd edib ki, de-fakto sülh yaxın gələcəkdə həll etməli olacağımız bir məsələdir.

“Aydın oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Bu o deməkdir ki, biz faktiki sülh vəziyyətini gücləndirəcəyik. Bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik: məsələn, ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhədlərin müəyyənləşdirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsi və hərbçilərin geri çəkilməsi”, - politoloq bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
28
50
azpolitika.info

10Mənbələr