AZ

Mirzoyanın çıxışı, mətbuata verdiyi açıqlamalar yerinə düşmür - ÖZƏL

"Ararat Mirzoyan və Ermənistanın baş naziri Nikol Paşinyanın prezident İlham Əliyevin iki gün öncə yayımlanmış müsahibəsinə münasibəti həm Ermənistan mediasında, həm də elə Azərbaycan mediasında, yaxud da yaxın dövlətlərin mediasında geniş şəkildə işıqlandırılır və birmənalı şəkildə demək istərdik ki, Azərbaycan Prezidenti o müsahibəsində əlbəttə ki, heç bir dövlətin, o cümlədən də Ermənistanın torpağına ərazi iddiası irəli sürməyib". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Bizim dövlətimizin, ümumiyyətlə belə bir iddiası yoxdur. Sadəcə olaraq, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququndan danışılır və düşünürəm ki, Ararat Mirzoyan da, Nikol Paşinyan da bu məsələdə Azərbaycan prezidentinin çağırışlarını qulaqardına vura bilməzlər. Çünki  Azərbaycan məsələnin dinc, sülh yolu ilə həll edilməsinə tərəfdardır. Yəni biz heç kimi nəyəsə məcbur etmək istəmirik. Sadəcə, 21-ci yüz ildə bu cür məsələlərin danışılaraq həll edilməsinin yolunu göstəririk. Azərbaycan prezidenti müsahibəsində nə dedi?  O qeyd etdi ki, Qərbi Azərbaycan icmasını Nikol Paşinyan - Ermənistanın baş naziri qəbul etməli, onlarla danışıq aparmalıdır. Yəni burada pis bir şey yoxdur ki, biz torpaq iddiası da irəli sürmədik. Yəni Nikol Paşinyan Ermənistanın baş naziri olaraq Qərbi Azərbaycan icması nümayəndələrini qəbul edə, onlarla danışa, fikir mübadiləsi apara bilər. Əlbəttə ki, biz demirik ki, mütləq hər şey biz dediyimiz kimidir. Sadəcə olaraq, müzakirə üçün bir yol açılmalıdır. Orada ola bilər ki, daha ağıllı, daha ağlabatan fikirlər təklif etsinlər. O cümlədən də, xarici işlər naziri Mirzoyanın çıxışı, mətbuata verdiyi açıqlamalar yerinə düşmür. Yəni onlar mənə elə gəlir ki, Azərbaycan prezidentinin fikirlərini daha ağıllı bir şəkildə dəyərləndirib, iki xalqın yaxınlaşmasına yardımçı ola bilərdilər. Amma yenə də görürük ki, Ermənistan tərəfi Ararat Mirzəyanın da şəxsində, eləcə Nikol Paşinyanın özünün də şəxsində ayrı-seçkiliyə daha çox meyillənir. Yəni bu xalqların qarşıdurmasına daha maraqlı olduqlarını göstərirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr