AZ

Azərbaycan paxlavasının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi - QHT sədrinin müraciəti

UNESCO-nun Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası komitəsinin diqqətinə

Bu bir sirr deyil ki, Azərbaycan mətbəxi təkcə Şərqdə deyil, dünyada məhşurdur və hər zaman  rəğbətlə qarşılanır. Azərbaycan mətbəxinin zənginliyini  hələ qədim zamanlardan  Azərbaycana səyahət edən  tarixçilər , səyahətçilər öz yazılı mənbələrində qeyd edir. Azərbaycan mətbəxi olduqca zəngindir.  Məhz Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilmişdir.

Azərbaycan  mətbəxinin dünyada ən çox tanınan yeməklərindən  biri də şübhəsiz ki, paxlavadır. Baxmayaraq ki Şərq və Türk toplumlarında  paxlava geniş yayılıb , lakin  Azərbaycan paxlavasının həm görnüşü həm xəmirinin hazırlanma texnikası ilə digər toplumlarda hazırlanan paxlavalardan fərqlənir. Azərbaycan paxlavası  milli koloritə malikdir. Azərbaycan paxlavasının içliyi əsasən qoz, fındıq və badamdan hazırlanir.

 Kəsiliş forması isə ulduzu simvolizə edir. Azərbaycanda paxlava bir növlə məhdudlaşmır, onun müxtəlif çeşidləri var ( Bakı paxlavası, Şəki paxlavası, Quba paxlavası, Ordubad paxlavası və s.)  On iki  qatlı hazırlanan  Bakı paxlavası,  paxlavanın ən qədim klassik növüdür.  Bu fakt amerikalı qida yazarı Charles Perry tərəfindən də qeydə alınıb. (Charles Perry, "The Taste for Layered Bread among the Nomadic Turks and the Central Asian Origins of Baklava", in A Taste of Thyme: Culinary Cultures of the Middle East (ed. Sami Zubaida, Richard Tapper), 1994. ISBN 1-86064-603-4)  Azərbaycanda  paxlava o qədər geniş yayılmışdır ki, onunla bağlı müxtəlif ənənələr mövcuddur. Bu ənənələrin başında xüsusən, Novruz bayramı və Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, hava və torpaq) ilə əlaqədar olan  çərşənbələrin  əsas simvollarından biri paxlava  sayılır. Paxlava  bayram süfrələrinin bəzəyi olmaqla bərabər, bayram günlərində  ətrafınızdakı doğmalarla, dostlarla sevincini paylaşmaq üçün hədiyyə edilən“bayram sovqatı”nın  əsas atributlarından biridir. 

Başqa bir  ənənə isə  nişan və toy mərasimlərində, bayram günlərində  oğlan və ya qız evinin   göndərdiyi şirniyyatlar ilə birlikdə gəlinə və ya bəyə paxlava  tabağı da hədiyyə edilməsidir. Azərbaycanda  şirniyyat  tabağı xalq dilində xüsusi olaraq  “ xonça”  adlanır. Paxlavanı hazırlamaq  xalq arsında məxsusi önəm daşıdığı üçün  onu hazırlayan aşpazlar xüsusi seçilməli xəmiri dadlı olmalı  və  nazik yaymalı,  ulduz formasında olan kəsimi isə səliqəli edilməlidir.

Azərbaycan mətbəx mədəniyyətində paxlavanın xüsusi yeri var və bu yeri indi də qoruyub saxlayır. Bunu əsas tutaraq İz mədəniyyətin inkişafına dəstək ictimai birliyi olaraq paxlavanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini dəstəkləyir, UNESCO-nun Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası komitəsindən bu təşəbbüsə müsbət rəy verilməsini xahiş edirik.

( [email protected] ) ( [email protected] )

+994503190192

                      

Fəridə Mirişova

İz Mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri

Seçilən
11
qht.az

1Mənbələr