AZ

Rusiya - İran yaxınlaşması Cənubi Qafqaz üçün nə deməkdir? – Qarşılıqlı öhdəliklərdə nələr əks olunub?

Yanvarın 17-də Rusiya və İran 47 maddədən ibarət, əməkdaşlığın bir çox sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır.

Bütün bunlar Trampın andiçmə mərasiminə bir neçə gün qalmış baş verir ki, bu da hadisənin əhəmiyyətini artırır.

Qlobal kontekstdə ən çox maraq doğuran məqamlar təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və öhdəliklərdir. Əsas sual isə saziş imzalandıqdan sonra bu mövzular üzrə hansı yeniliklərin olacağıdır.

Bu gün İran Rusiyaya silah ötürür, baxmayaraq ki, vaxtaşırı bunu təkzib edir. Rusiya İrana beşinci nəsil qırıcılar üçün texnologiyalar və ya hava hücumundan müdafiə sistemləri üçün komponentlər təqdim edir. İran və Rusiya hərbçiləri həm müdafiə nazirlikləri, həm də SEPAH xəttilə məsləhətləşmələr aparırlar. Yəni, əksər mövzularda saziş çoxdan mövcud olan əməkdaşlığı rəsmiləşdirəcək və mövcud ikitərəfli qarşılıqlı fəaliyyətə legitimlik verəcək.

Bəs qarşılıqlı öhdəliklər sənəddə necə əks olunacaq? 

Tərəflər həqiqətən də üçüncü dövlətlərin hücumuna qarşı bir-birini qorumaq öhdəliyini öz üzərinə götürəcəkmi? Bu, Rusiya ilə Şimali Koreya arasındakı razılaşmada əks olunsa da, İranla sazişdə ehtimal ki, olmayacaq!

ABŞ və İsrail tərəfindən İran ərazisinə zərbələr endirmək təhlükəsi olduğu bir şəraitdə Rusiya İranı müdafiə etmək öhdəliyini üzərinə götürməyəcək. İran isə Ukraynanın Kursk bölgəsini işğalını Rusiyanı müdafiə etmək üçün səbəb kimi görməyəcək. Hər halda bu hərbi ittifaq deyil, strateji tərəfdaşlıq müqaviləsidir.

Qlobal səviyyədə maraqlı olan növbəti element Çindir. Pekinin iki əsas tərəfdaşı strateji tərəfdaşlıq danışıqları aparır. Görək, bu saziş Moskva və Tehranın Pekinlə münasibətlərinə necə təsir edəcək, burada məsələ birmənalı deyil. İlk baxışda tərəfdaş ölkələrin qarşılıqlı inteqrasiyası prosesi gedir. Lakin bu cür razılaşmalar Çinlə münasibətlərdə Rusiya və İranın subyektliyini artırır.

Bu müqavilə Cənubi Qafqaz üçün nə deməkdir?

Rusiya və İran arasında razılaşmalar spesifik xarakterlidir, çünki hər iki ölkənin bir-biri haqqında davamlı stereotipləri var. Cari razılaşma daha çox situativdir.

Bu gün Yaxın Şərqdə ən çox itki verən iki ölkə Rusiya və İrandır, onların mövqeləri zəifləməkdə davam edir.

Suriyadan sonra Türkiyə ilə bu və ya digər dərəcədə Cənubi Qafqaza da şamil edilən razılaşmalar formatı iflasa uğradı. Ankaranın bölgəmizdə artan təsirinin qarşısını almaq üçün Moskva və Tehranın birgə səyləri ən real ssenaridir. Bu kontekstdə uğur qazana biləcəkləri yeganə ölkə isə Ermənistandır.

Aİİ ilə İran arasında münasibətlərin dərinləşməsi, Rusiya ilə İran arasında mövcud razılaşma Ermənistana qarşı təzyiqi daha da gücləndirir, xüsusən də Ermənistan rəhbərliyinin tələsik elan edilmiş Avropa inteqrasiyası, müdafiə sahəsində ABŞ və Fransanın iştirakını artırması fonunda. Hətta güman etmək olar ki, İran da Ermənistanın KTMT-dən ayrılmasına qarşı çıxacaq. Bu baş verərsə, İran özünü Ermənistana hərbi müttəfiq kimi sırımağa çalışacaq. Yəni Rusiyanın Ermənistanda təsirinin azalması ancaq İranın mövcudluğunun artması şərtilə qəbul edilə bilər.

Ermənistan üçün çətin seçim dövrü gəlir, belə ki, Paşinyanın xarici siyasətində şaxələndirmə ABŞ və Aİ-nin Ermənistandakı rolunu və yerini artırmaqdan ibarət olduğu halda, Rusiya və İran üçün konsensus Qərbin regiondakı rolunu azaltmaqdan ibarətdir.

Bu kontekstdə Bakı və Tbilisinin mövqeyi hazırda Moskva və Tehran üçün qənaətbəxşdir. Burada rəqabətin çərçivəsi yalnız Türkiyə ilə məhdudlaşır.

Gözlənilən razılaşma Şimal-Cənub və Zəngəzur nəqliyyat dəhlizlərinə (həm Ermənistandan, həm də İrandan keçməklə) nə dərəcədə təsir edəcək?!

Yaxın gələcəkdə cavabını alacağımız sual budur. Güman ki, İranın mövqeyi dəyişəcək və ən azından bəyanatlar səviyyəsində müəyyən aktivlik olacaq. Bunun reallığa nə dərəcədə təsir edəcəyi Tramp hakimiyyətinin ilk 100 günündən sonra yaranacaq vəziyyətdən asılı olacaq.

(Cənubi Qafqaz Təqdiqatlar Mərkəzi)

Seçilən
2
50
azpolitika.info

10Mənbələr