AZ

ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması - ÖZƏL

Yanvarın 1-dən Finlandiya ATƏT-ə sədrlik etməyə başlayıb. Ölkə sədrliyi dönəmində diqqətini ATƏT prinsiplərini dəstəkləməyə, Ukraynanı dəstəkləməyə və mürəkkəb təhlükəsizlik çağırışlarının həllində təşkilatın dayanıqlığını gücləndirməyə çalışacağını bəyan edib.

 

Finlandiyanın xarici işlər naziri vurğulayıb ki, ATƏT-in Şərqi Avropa, Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada fəaliyyətləri ümumi öhdəliklərin və hərtərəfli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun de-yure mövcudluğunun sülhə maneə yaratdığını bildirib. Prezident İlham Əliyev ötən ilin sonlarında Rusiya mətbuatına müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir. “Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”, - dövlət başçısı bildirib.

 

Minsk Qrupunun həmsədrlərindən olan Rusiya da sturukturun ləğv edilməsinin tərəfdarı olduğunu bəyan edib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun ləğv edilməsinin tərəfdarı olduğunu bildirib. Rəsmi İrəvan qurumun ləğvi üçün ATƏT-ə müraciət etməyi düşündüklərini açıqlayıb.

 

Bəs Finlandiya ATƏT-ə sədrliyi dönəmində Minsk Qrupunun ləğvi üçün müvafiq prosedurları başlada bilərmi?

 

Modern.az sözügedən məsələ ilə bağlı Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlayıb.

 

Finlandiya XİN-dən sorğumuza cavab olaraq bildirilib ki, çoxdan gözlənilən sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyə doğru mühüm addım ola bilər:

 

"Bu prosesi dəstəkləmək üçün 2025-ci ildə ATƏT sədri kimi Finlandiya Təşkilatın ixtiyarında olan müxtəlif vasitələrdən, o cümlədən ATƏT-in təhlükəsizliyin hər üç ölçüsündə etimadın möhkəmləndirilməsi tədbirləri və tematik müdaxilələrdən istifadə etməklə Azərbaycan və Ermənistanla əlaqə saxlamağa hazırdır".

 

Açıqlamada qeyd olunur ki, Finlandiya davamlı həll yolu tapmaq üçün tərəflərlə, o cümlədən ən yüksək siyasi səviyyədə dialoqu davam etdirməyə sadiqdir: "Finlandiya ATƏT-in regionda gələcək rolunu müzakirə etməyə hazırdır".

Seçilən
0
3
modern.az

10Mənbələr