Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin "qara qutu"larının Qazaxıstana çatdırıldığını təsdiqləyib.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
"Braziliyadan Qazaxıstana gətirilən "qara qutu"ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən öyrənilir", - nazirlikdən bildirilib.
Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.