AZ

Paşinyan KTMT-dən çıxmaq üçün son addımlarını atır: ABŞ dəstək verəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Antoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzaladılar. 5 bölmədən ibarət sazişə əsasən, ABŞ və Ermənistan dostluq münasibətlərinin və strateji tərəfdaşlığın əhəmiyyətini, diplomatik, iqtisadi, enerji, yüksək texnologiyalar, təhsil, elm, mədəniyyət, hüquq, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri gücləndirmək üçün qarşılıqlı istəklərin, müdafiə və təhlükəsizliyin, demokratiyanın, ədalətin və inklüzivliyin gücləndirilməsi, insan münasibətlərinin və mədəni mübadilənin təşviqi sahəsində əməkdaşlığın hər iki ölkə və region üçün faydalı olduğunu vurğulayırlar. Artıq erməni mediasında Paşinyanın fəaliyyətini dondurduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyi gündəmə gəlib və ABŞ ilə strateji tərəfdaşlıq fonunda bu quruma ehtiyacın qalmadığı qeyd edilib. Düzdür, KTMT Baş katibi İmanqali Tasmaqambetov bunu Ermənistanın suveren hüququ adlandırsa da, digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalı olduğunu da deyib.
Siyasi şərhçi Sahil Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq sazişi ilə regionda güc nümayiş etdirmək siyasəti yürüdür və bunu da Vaşinqtonun himayəsindən istifadə edərək həyata keçirməyə çalışır:
"Bu addım eyni zamanda, Ermənistanın Rusiyaya qarşı açıq revanşının göstəricisidir. Uzun müddətdir ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı müəyyən addımlar atır, bəyanatlar səsləndirir. Strateji tərəfdaşlıq haqqında sazişdən sonra ABŞ hərbiçilərinin Ermənistan-Azərbaycan şərti sərhəd ərazilərində yerləşdirilməsi ilə bağlı razılıq da Amerika hərbçilərinin bölgəyə inteqrasiya edəcəyini göstərir. Bu prosesdə Ermənistan Rusiyaya qarşı da müəyyən addımlar atacaq və biz tezliklə bu ölkənin KTMT-dən çıxmasının şahidi olacağıq. Amma təəssüf ki, bu gün Moskva bu məqamda müəyyən qədər qətiyyət və sərt addımlar nümayiş etdirmir, prosesləri kənardan izləyir və Ermənistana hər hansı təzyiq göstərmir".
"Uzun müddətdir ki, Ukraynanın NATO-ya inteqrasiyasının qarşısını almaq üçün Kiyev ilə genişmiqyaslı müharibə aparan Rusiya, nədənsə Ermənistanın ABŞ ilə yaxınlığına göz yumur və İrəvanın bu addımını onun müstəqil siyasəti kimi qiymətləndirir. Görünən isə odur ki, İrəvan nəhayət, öz istəyinə çatır və Rusiyanın Ermənistan ərazisindən çıxarılması, özünün də KTMT-dən çıxması mövzuları daha da aktuallaşır və tezliklə biz bunun da şahidi olacağıq", - deyə ekspert diqqətə çatdırıb.
ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza isə Oxu.Az-a açıqlamasında bildirib ki, Vaşinqtonun nöqteyi-nəzərindən strateji tərəfdaşlıq sazişinin məqsədi budur ki, Ermənistan Rusiyanın asılılığından uzaqlaşdıqca, onun güclənməsinə kömək edilsin:
"Ona görə də Paşinyan açıq şəkildə bildirib ki, Ermənistanı KTMT-dən çıxarıb, NATO ilə əlaqələri dərinləşdirmək istəyir. Sazişin enerji hissəsi isə əsasən nüvə enerjisi və Ermənistanda təhlükəli Metsamor Atom Elektrik Stansiyasının digər alternativlərlə, o cümlədən, ABŞ-də istehsal olunan kiçik modullu nüvə reaktorları ilə əvəz edilməsinə yönəlib. Bu saziş bir növ Paşinyanın Ermənistanda siyasi mövqeyini gücləndirmək üçündür".
"Lakin bu saziş həm də Azərbaycanla sülh müqaviləsini yekunlaşdırmaq üçün daha aktiv əməkdaşlıq şəraitində danışıqlar aparmağa imkan verəcək. Yəni müxalifət və digər kənar güclər bu prosesdə Paşinyana mane ola bilməyəcək, çünki artıq onun arxalanacağı ABŞ var. Ona görə də bu, Azərbaycan üçün də yaxşı nəticə ilə yadda qala bilər", - deyə sabiq səfir əlavə edib.
Mərahim Nəsib
Seçilən
3
50
oxu.az

10Mənbələr