Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən və 179 nəfərin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir.
"Cebheinfo.az" xəbər verir ki, gövdəsinə endikdən sonra uçuş-enmə zolağından çıxan və divara çırpılan təyyarəni qəzadan əvvəl quş vurduğuna dair dəlillər ortaya çıxıb.
İstintaqa yaxın mənbənin mətbuata verdiyi açıqlamada təyyarənin hər iki mühərrikində quş tükləri və qan tapıldığı bildirilib. Əldə edilən videoqeydlərdə quşun mühərrikə dəydiyi an göründüyü öyrənilib.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, Taylandın paytaxtı Banqkokdan havaya qalxan “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” tipli təyyarə dekabrın 29-da Muan Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağından çıxaraq divara çırpılıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan yalnız ikisi sağ qalıb.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi qüllədən gələn quş zərbəsi xəbərdarlığından sonra pilotun təcili eniş icazəsi tələb etdiyini və eniş şassisi bağlı halda eniş etdiyini açıqlasa da, qəzanın dəqiq səbəbini müəyyən etmək üçün araşdırma başladılıb.